Tramp tarifləri niyə qaldırır? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın yeni vergi tarifləri tətbiq etməsi hələ də dünya ictimaiyyətinin narahatçılığına səbəb olmaqda davam edir. Trampı bu addımı atmağa məcbur edən amillər müxtəlif mütəxəssislər tərəfindən fərqli aspektlərdən izah olunur.

Siyasi şərhçi Əlimusa İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, Tramp dəfələrlə ticarət tariflərinin artırılmasının əsas məqsədinin dövlət borcunun azaldılması olduğunu bəyan edib:

“Dövlət borcu daxili və xarici borcdan ibarətdir və ölkənin sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin maliyyələşdirilməsi üçün götürülür. Bu borc müvafiq faizlə geri ödənilməli olan öhdəliklərdir və həm milli, həm də xarici valyutada ola bilər. 2025-ci ildə ABŞ-nin milli borcunun artması qlobal iqtisadiyyata və qlobal maliyyə sabitliyinə təsir göstərir. Dövlət borcunun özü mümkün böhran qədər təhlükəli deyil. Qərb maliyyə sistemini sarsıdan amillər xarici borclanma səviyyəsi yüksək olan ölkələrdə defoltlara səbəb ola bilər. İnvestorları xüsusilə narahat edən ABŞ-nin 2025-ci ildə böyüməyə davam edən dövlət borcudur və yanvar ayında 36 trilyon dollar həddini keçib. Təsadüfi deyil ki, hər yeni fərman elanı ilə Tramp ABŞ-nin 36 trilyon ABŞ dollarından çox olan dövlət borcunun həcmini xatırladır”.

Ə.İbrahimovun sözlərinə görə, dövlət borcunu azaltmaq üçün hökumətin xərclərini azaltmaq lazımdır:

“Bu, dövlət qulluqçularının sayının azaldılması, həmçinin bəzi şöbə və proqramların bağlanması deməkdir. Bu yanaşmanı Tramp administrasiyasının iqtisadi islahatlarında da görürük. Tramp istehsalı ABŞ-yə qaytararaq iqtisadi artımı gücləndirməyə çalışır. Bu məqsədlə atılan əsas addımlardan biri vergi tariflərinin artırılmasıdır. Tariflər büdcəyə daha çox gəlir gətirir və ticarət kəsirini azaldır, amma bu, ticarət tərəfdaşlarının narazılığına səbəb olmamalıdır. Trampın məqsədi başqa ölkələrlə münasibətləri korlamaq deyil. O, ABŞ-nin ağır iqtisadi vəziyyətini yaxşılaşdırmaq və ölkəni borc bataqlığından çıxarmaq üçün ciddi addımlar atmağa çalışır. Bu tədbirlərin uzun müddətdə ABŞ üçün müsbət nəticə verəcəyi gözlənilir. Amma eyni zamanda beynəlxalq təzyiqlər səbəbilə Trampın geri addım atması da mümkündür”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı