Türkiyənin Amasya vilayətinin Gümüşhacıköy rayonunda ardıcıl olaraq 4,4 və 4,2 bal gücündə iki zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, ilkin təkan saat 12:23-də, ikinci isə 12:26-da qeydə alınıb. Zəlzələlərin mərkəzləri müvafiq olaraq 10,07 və 19 kilometr dərinlikdə yerləşib .

Təkanlar nəticəsində bölgədəki sakinlər qorxu içində binalardan çölə çıxaraq bir müddət gözləyiblər. Zəlzələlər ətraf vilayət və rayonlarda da hiss olunub. Amasya valisi Önder Bakan açıqlamasında vətəndaşlara "geçmiş olsun" arzularını çatdıraraq, "Çox şükür ki, bizə hər hansı mənfi halın olduğu barədə məlumat daxil olmayıb. Sahə üzrə yoxlama işlərinə dərhal başlanılıb. AFAD və digər qurumlarımız bölgədə araşdırmalarını davam etdirir," – deyə bildirib. Bundan əlavə, Gümüşhacıköy və Hamamözü rayonlarında məktəblərdə bu gün tədrisə ara verilib .

Ən son məlumatlara görə, zəlzələlərə dair əlavə mənfi hadisələr və ya itkilər barədə məlumat daxil olmayıb. AFAD və digər müvafiq qurumlar bölgədə araşdırmalarını davam etdirir.