Gündəlik həyatımızda baş verə biləcək hallardan biri də sürücülük vəsiqəsinin itirilməsidir. Bu hal insanlarda bəzən çaşqınlıq və narahatlıq yaratsa da, əslində qanunvericilik belə halların qarşısını almaq və problemi operativ şəkildə həll etmək üçün açıq prosedurlar təqdim edir.
Bəs sürücülük vəsiqəsini itirən şəxslər nə etməlidir?
Mövzu ilə bağlı Metbuat.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ilk növbədə şəxs yaşadığı ərazi üzrə rayon və ya şəhər polis idarəsinə müraciət edərək vəsiqənin itməsi barədə məlumat verməlidir.
"Daha sonra vəsiqənin itməsi faktı ilə bağlı Tapıntılar Bürosundan bir ay ərzində arayış alınmalıdır. Bu arayış rəsmi sənəd kimi sürücülük vəsiqəsinin yenidən verilməsi üçün tələb olunur.
Arayış əldə edildikdən sonra vətəndaş aidiyyəti üzrə ASAN xidmət mərkəzinə müraciət etməli və 30 manat məbləğində dövlət rüsumunu ödəməklə yeni sürücülük vəsiqəsi ala bilər.
Qeyd edək ki, bu prosedur həm sənədin itməsindən irəli gələn hüquqi məsuliyyəti aydınlaşdırmaq, həm də sənədin sui-istifadəsinin qarşısını almaq məqsədi daşıyır".
Ülkər/ Metbuat.az