Bakı, 9 iyun, AZƏRTAC
Misirin cinayət məhkəməsi ölkənin şimalındakı Port-Səid şəhərinin stadionunda baş verən və 74 nəfərin ölümü ilə nəticələnən faciə ilə bağlı ittiham olunan 11 nəfəri ölüm cəzasına məhkum edib, daha 21 nəfər isə bəraət qazanıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bununla yanaşı, şəhərin təhlükəsiz qüvvələrinin keçmiş başçısı beş il müddətinə azadlıqdan məhrum edilib.
Port-Səid şəhərindəki faciə 2012-ci ilin fevralında baş vermişdi. O zaman yerli “Əl-Masri” və paytaxt Qahirənin “Əl-Əhli” futbol klubları arasında keçirilən oyundan sonra arenada iğtişaşlar başlamış və nəticədə 74 qahirəli azarkeş həlak olmuşdu. Hadisədən sonra 21 nəfər təxribatçılıqda ittiham olunaraq edam cəzasına məhkum edilmişdi.
Məhkəmənin həmin qərarı şəhərdə etiraz aksiyalarına və zorakılığa səbəb olmuş və nəticədə daha 40 nəfərdən çox insan həyatını itirmişdi. Bundan sonra Port-Səiddə, həmçinin polislə kütləvi toqquşmaların qeydə alındığı Süveyş və İsmailiyyədə komendant saatı tətbiq edilmişdi.
Hadisələrin ardından isə ali instansiya məhkəməsi müdafiə tərəfinin apelyasiya şikayətini təmin edərək işə yenidən baxılmasına qərar vermişdi.