[ 10 İyun 2015 23:05 ]


Şəki. Vüqar Heydərov-APA. Şəkidə taxıl biçən kombayn və taxil sahəsi yanıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Turan qəsəbə sakini Məzahir Rza oğlu Məmmədov idarə etdiyi “Niva ESK-5” markalı kombayınla Turan qəsəbə inzibati ərazisində taxıl biçərkən kombayında yanma baş verib. Kombayından başlayan yanğın qısa zaman ərzində ərazidəki taxıl sahəsinə keçib.

Əraziyə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində kombaynın yanar hissələri və ərazidə kombaynın sahibi Məzahir Məmmədova, Bəylər Nəsirova və Əkbər Qasımova məzsus 6 hektar biçilməmiş və 3 hektar isə biçilmiş taxil sahəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının daha da genişlənərək digər taxıl sahələrinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.