"Akkord" Ağstafa və Tovuzda su-kanalizasiya layihələrini yekunlaşdırdı (FOTO)

"Akkord" Ağstafa və Tovuzda su-kanalizasiya layihələrini yekunlaşdırdı (FOTO)
16:13 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

“Akkord” Korporasiyası Ağstafa və Tovuz rayonlarında icra etdiyi su-kanalizasiya layihələrinin üçüncü mərhələsini də müvəffəqiyyətlə yekunlaşdırıb.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, bu mərhələ çərçivəsində Agstafa rayonu üzrə çirkab su təmizləmə həcmi 4500 m3/gün, Tovuz rayonu üzrə isə, 7000 m3/gün həcmində olan sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işi başa çatdırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev cənablarının 2005-ci il oktyabrın 14-də imzaladığı sərəncama əsasən, Azərbaycan regionlarının, o cümlədən Şirvan şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı təsdiq edilmişdir. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Ağstafa və Tovuz şəhərlərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihələrinin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə tapşırılmış və layihə-smeta sənədləri hazırlanaraq həmin ilin noyabr ayında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən işlərin yerinə yetirilməsinə başlanmışdır.

Layihələrin icrasına 2010-cu ilin dekabr ayında start verilmiş, hər iki layihənin icrası üç mərhələyə bölünmüşdür.

Ağstafa rayonu üzrə ilk iki mərhələdə əvvəlcə magistral boru xətti, su anbarları, xlorvurma təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmış, subartezian quyularından su anbarlarına müxtəlif diametrli polietilen borulardan ibarət xətt, su anbarlarından şəhər şəbəkəsinə qədər isə uzunluğu 4,27 kilometr olan magistral su xətləri çəkilmişdir. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, nasos stansiyası, suya xlorvurma və laboratoriya binaları tikilmiş, 1000 kubmetrlik mövcud su anbarı təmir edilmiş, həcmi 1500 kubmetr olan yeni su anbarı inşa olunmuşdur.

Hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən su mənbəyi olaraq dəmiryolu boyunca Həsənsu və Vurğun kəndləri zonasında 5 subartezian quyusu qazılmış, şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli su-kanal idarəsi üçün inzibati bina və istehsalat bazası tikilmişdir.

Görülən işlər sayəsində Ağstafa şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərinin su təchizatı sistemləri yenidən qurulmuş, 18 min şəhər və 22 min kənd əhalisinin suya potensial tələbatı təmin edilmişdir.

Son mərhələ üzrə görülən işlər sayəsində kanalizasiya şəbəkələri sisteminin potensialı Ağstafa şəhərinin Xətai qəsəbəsi, Qaçaq Kərəm və Yenigün kəndlərini əhatə etməklə çirkab təmizləyicisinə əlavə yaşayış məntəqələrinin də qoşulmasına imkan yaratmışdır.

Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi öncədən rayon mərkəzi, Abulbəyli, Bozalqanlı, Aşağı Öysüzlü, Düz Cırdaxan, Cəlilli və Qazqulu kəndlərinin su tələbatının ödənməsini nəzərdə tuturdu. Layihənin tələblərinə əsasən, 16 min şəhər və 28 min kənd əhalisinin sutka ərzində su tələbatı, bütövlükdə tikintinin başa çatdırılması ilə 20 min şəhər və 30 min kənd əhalisinin suya olan tələbatı tam ödənilməli idi. İşlərin ilk iki mərhələsində burada da magistral boru xətti, su anbarları, xlorlama və digər struktur obyektlərinin tikintisi başa çatdırılmış, subartezian quyularından nasos stansiyasına qədər 1588 metr uzunluqda polietilen borulardan xətt, nasos stansiyasından su anbarları meydançasına qədər magistral su kəməri və su anbarlarından şəhər şəbəkəsinə qədər uzunluğu 3434 metr olan magistral su xətləri çəkilmişdir. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, suya xlor vurma və laboratoriya binaları, hər birinin həcmi 2500 kubmetr olan yeni su anbarları tikilmişdir.

Hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən, su mənbəyi olaraq Tovuzçayın məcrası boyunca Qazqulu kəndi zonasında 5 subartezian quyusu qazılmış, şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli "Su-kanal" İdarəsi üçün xidməti bina və istehsalat bazası tikilmişdir.

Layihənin üçüncü mərhələsində çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması ilə kanalizasiya şəbəkələri sisteminin potensialı Tovuz şəhərinin Əlimərdanlı, Abulbəyli və Bozalqanlı kəndlərini əhatə etmiş, qurğuya əlavə yaşayış məntəqələrinin də qoşulması imkanı yaradılmışdır.

Qeyd edək ki, Ağstafa və Tovuz şəhərlərinin içməli su ilə təchizatı sistemlərinin işə salınma mərasimi 2013-cü il iyul ayının 5-də Prezident İlham Əliyev cənablarının iştirakı ilə baş tutmuşdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR