Bakı, 11 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xətti üzrə “ASAN xidmət mərkəzlərində 51 vakant kiçik rəis heyəti vəzifəsində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində 20, Sabirabad “ASAN xidmət” mərkəzində 14, Bərdə “ASAN xidmət” mərkəzində isə 17 vakant vəzifə təqdim olunub. Müsabiqədə yaşı 25-dən yuxarı olmayan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, boyu 160 santimetrdən yuxarı, əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Ali təhsilli və xarici dil bilən namizədlərə üstünlük veriləcək. Bakı 5 saylı “ASAN xidmət” mərkəzində müsabiqədə iştirak üçün Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər DİN-in Baş Kadrlar İdarəsinə, Sabirabad “ASAN xidmət” mərkəzinə müsabiqədə iştirak üçün Sabirabad və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar bu rayonun Polis Şöbəsinə, Bərdə “ASAN xidmət” mərkəzinə müsabiqədə iştirak üçün Bərdə və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar Bərdə Rayon Polis Şöbəsinə müraciət etməlidirlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2015-ci ilin iyulun 10-dək həftənin iş günləri saat 10-dan 17-dək elanda göstərilən polis orqanlarına müraciət edərək şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli, əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.
Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonlarına müraciət etmək lazımdır: (012) 590-95-23 - DİN Baş Kadrlar İdarəsi, (012) 590-82-17 - DİN Baş Kadrlar İdarəsi, (020) 205-28-02 - Bərdə Rayon Polis Şöbəsi, (021) 235-70-56 - Sabirabad Rayon Polis Şöbəsi.