[ 11 İyun 2015 15:47 ]



Bakı. Fərid Mirzəyev – APA. Bu gün “Bakı 2015-ci il Yeniyetmələrin Təhlükəsiz və İnkluziv İdman haqqında” Bəyannaməsinin təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, təqdimat UNICEF və Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan hökumətinin gənclərə hər zaman şərait yaratdığını bildirib: “İnanıram ki, oyunlardan sonra gənclərimiz bu arenaları boş qoymayacaqlar. Biz istəyirik ki, fiziki imkanları məhdud vətəndaşlarımız bu işdə iştirak etsinlər. Azərbaycanda paralimpiya hərəkatına xüsusi diqqət yetirilir. Bu da inkluzivliyi təmin edən amildir”.

BMT Baş Katibinin idman məsələləri üzrə xüsusi müşaviri Uilfrid Lemke I Avropa Oyunlarını izləmək üçün Bakıya gəldiyini deyib: “Azad Rəhimovun xüsusi dəvəti ilə Bakıya gəlmişəm. I Avropa Oyunları çox əlamətdar hadisədir”.

Təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında qeyd edib ki, Təhsil Nazirliyində şagird və tələbələrin idmana cəlb olunması istiqamətində mütəmadi iş aparılır: “Müstəqilliyin ilk illərində dövlət büdcəsi heç 1 milyard dollara çatmırdı. Artıq büdcə 30 dəfədən çox artıb. Sosialyönümlü layihələrin nəticəsində hər bir rayonda Olimpiya Kompleksləri tikilib. Sabah I Avropa Oyunlarının açılış mərasimidir. İnanıram ki, bu oyunlar yüksək səviyyədə keçiriləcək”.

I Avropa Oyunlarının Baş icraçı direktoru Simon Kleqq UNICEF-in həyata keçirdiyi bu layihəni I Avropa Oyunlarının təbii davamı adlandırıb.

Qeyd edək ki, Bəyannamə yeniyetmələrin ölkədə təhlükəsiz və inkluziv idmandan istifadə imkanlarını yaxşılaşdırmaq, yeniyetmə və gənclərin idman və gənclərə dair siyasətlər, proqramlar və strategiyaların hazırlanmasına cəlb etmək ilə bağlı tövsiyələrini özündə ehtiva edir.