[ 11 İyun 2015 17:07 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) İcraiyyə Komitəsinin iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov iştirak edib.
Azərbaycanın IAACA-nın rəhbərliyində fəal təmsilçiliyi nəzərə alınaraq tədbirə sədrlik edilməsi qurumun vitse-prezidenti kimi Azərbaycanın ədliyyə nazirinə həvalə olunub.
İclasda mühüm təşkilati məsələlər, o cümlədən IAACA-nın gələcək fəaliyyətinə dair hərtərəfli və faydalı müzakirələr aparılıb, qurumun yeni Prezidentinin və Baş katibinin seçilməsi məsələsinə baxılıb.
Müzakirələr zamanı F. Məmmədov tərəfindən Assosiasiyanın inkişafına, əlaqələndirmə işinin və əməkdaşlığın gücləndirilməsinə, qurumun fəaliyyətinin təkmilləşdirilməsinə, maliyyələşməsinin səmərəliliyinin artırılmasına dair bir sıra təkliflər verilib və onlar qəbul edilib.
Tədbirdə bir sıra qərarlar qəbul olunub. Belə ki, Qətərin baş prokuroru Dr. Ali Al Marrinin namizədliyi IAACA-nın rəhbəri vəzifəsinə irəli sürülüb, təşkilatın Çində yerləşən Katibliyinin Qətərə köçürülməsi, habelə Assosiasiyanın İllik Konfransının və Ümumi Yığıncağının cari ilin payızında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilməsi barədə razılığa gəlinib.
Səfər zamanı Qətərin baş prokuroru və bir sıra digər dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilib, antikorrupsiya fəaliyyətinə və əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılıb.