Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu məktəblilər arasında keçirdiyi müxtəlif məzmunlu müsabiqələri davam etdirir. Belə tədbirlərdən biri də Xaçmaz rayonunda keçirilən “Kitabi-Dədə Qorqud” dastanı haqqında inşa müsabiqəsi olub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Xaçmaz Rayon Təhsil Şöbəsinin dəstək verdiyi müsabiqədə müxtəlif məktəblərin şagirdləri iştirak ediblər. Məktəblilərin “Kitabi Dədə Qorqud” dastanı haqqında yazdıqları inşalar münsiflər heyəti tərəfindən yoxlanıb. Qaliblərə təşəkkürnamə və qiymətli hədiyyələr, fərqlənən bütün iştirakçılara isə kitablar hədiyyə olunub.
Mükafatlandırma mərasimi M.Məhəmmədov adına 4 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbirdə Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu təmsil etdiyi qurumun yaranması, fəaliyyəti, gördüyü işlər barədə geniş məlumat verib. “Kitabi-Dədə Qorqud” dastanının əxlaq və mənəviyyat göstəricisi olduğunu xatırladan C.Musaoğlu dastandakı qəhrəmanlar, toponimlər, işlənən ifadələrin bu günlə səsləşdiyini qeyd edib.
Məktəbin direktoru, Fondun yerli nümayəndəsi Akif İsmayılov bildirib ki, Bilik Fondu yaranandan cəmiyyətin maariflənməsi istiqamətində çox işlər görüb və bu fəaliyyətə Xaçmaz ictimaiyyəti böyük həvəslə dəstək verməyə hazırdır.
Rayon təhsil şöbəsinin metodisti İmran Müseyibli belə müsabiqələrin şagirdlərin təfəkkürünün formalaşmasında böyük rol oynadığını, təmsil etdiyi qurumun Bilik Fondu ilə birlikdə daha çox layihələrə imza atacağını vurğulayıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin ideyası əsasında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Yaradıcılıq Fondunun birgə layihəsi olan “Ev kitabxanası” ilk dəfə Xaçmaz məktəblərində həyata keçirilib. Müsabiqənin qalibləri mükafatlandırılmaqla yanaşı, “Ev kitabxanası”na daxil olan üç yazarın kitablarına da sahib olublar. Onlar növbəti mərhələdə bu kitablardan alqdıqları təəssüratları yazacaqlar. Ən yaxşı yazı KİV-lərdə dərc olunacaq.
Xatırladaq ki, “Ev kitabxanası” üç qurum tərəfindən alınan kitablar əsasında formalaşacaq. Bu kitablar məktəblilərin kitabxanalarının yaradılmasına, yazarların oxunmasına və əsərlərin daha geniş oxucu kütləsinə ünvanlanmasına səbəb olacaq.