Bakı, 12 iyun, AZƏRTAC
“Bank Technique” ASC bütün yeni kartlarını təmassız ödəmə texnologiyası ilə təmin edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “PayWave” və “PayPass” texnologiyalarını müvafiq olaraq bankın emissiya etdiyi “VISA” və “MasterCard” ödəmə kartlarında tətbiq etməklə “Bank Technique” Azərbaycanda kontaktsız kartları müştərilərinə təklif edən nadir banklar siyahısında qərarlaşıb.
“Kontaktsız ödəmələr rahatlıqla yanaşı, təhlükəsizlik və vaxt qənaəti kimi xüsusiyyətləri ilə də fərqlənir. Burada müəyyən məbləğə qədər əməliyyatlar kartı terminala yaxınlaşdırılaraq bir neçə saniyə ərzində aparılır. Yeni texnologiya müştərilərin kartlara marağını daha da artıracaq və bu da nəticədə nağdsız ödənişlərə keçidi sürətləndirir”, - deyə “Bank Technique”in baş direktoru Kamran Axundov qeyd edib.
Təmassız kartlar adi ödəniş kartlarına oxşayır, lakin onların daxilində antena və çip var. Ödənişlər həyata keçirildikdə kart məsafəli şəkildə ödəmə terminalı ilə əlaqə yaradır və kiçik məbləğli ödənişlər zamanı müştərinin PİN-kod daxil etməsinə ehtiyac duyulmur. Bununla yanaşı, “Bank Technique” təzə kartları yeni dizaynda hazırlayıb.
