Yapon sosial media fenomeni Mina Chanın ölümü böyük rezonans doğurub. 25 yaşlı influencer avqustun 5-də Cənubi Koreyanın paytaxtı Seulda yaşadığı evdə canlı yayım zamanı həyatını itirib. Onun ölümünü ailəsi də təsdiqləyib. Hadisə ilə bağlı Cənubi Koreya polisi araşdırma aparır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Mina Chan moda, gözəllik və gündəlik həyatla bağlı paylaşımları ilə tanınırdı. Silinən TikTok hesabında 300 mindən çox, Instagram səhifəsində isə təxminən 150 min izləyicisi olub. O, həmçinin K-pop qruplarından ENHYPEN-ə olan marağı ilə diqqət çəkirdi.

Məlumata görə, polis avqustun 5-də səhər saatlarında Seuldakı evdə 25 yaşlı yapon qadının canlı yayım zamanı öldüyünü təsdiqləyib. Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı araşdırma davam edir.

Fenomenin ölüm anına aid görüntülərin sosial şəbəkələrdə yayılması isə ciddi narazılıq yaradıb. Ailəsi də ölümündən sonra sosial mediada yazılan bəzi sərt və incidici şərhlərə diqqət çəkib.

Yaxınları insanların internetdə yazdıqları sözlərin qarşı tərəfə necə təsir göstərə biləcəyini nəzərə almasının vacibliyini vurğulayıb.

Hadisədən sonra sosial mediada zorakılıq və onlayn təzyiq məsələsi yenidən gündəmə gəlib. Bəzi məlumatlarda Mina Chanın ölümündən əvvəl sərt tənqidlərə məruz qaldığı bildirilsə də, bunun onun ölümünə təsiri ilə bağlı rəsmi nəticə açıqlanmayıb.