Cənubi Koreya Prezidenti Li Ce Myon Şimali Koreya ilə uzunmüddətli gərginliyə son qoymaq və Koreya yarımadasında davamlı sülh yaratmaq məqsədilə danışıqlara başlamağa çağırıb.
Metbuat.az xəbər verir ki, Prezident bu barədə avqustun 15-də Koreyanın Yaponiyanın 1910–1945-ci illərdəki müstəmləkə idarəçiliyindən azad edilməsinin 81-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı bildirib.
Li Ce Myon tərəflərin bir-birini təhdid etmək niyyətindən əl çəkməli olduğunu vurğulayaraq, uzun illərdir davam edən müharibənin rəsmi şəkildə başa çatdırılması üçün danışıqlara başlamağı təklif edib. O, danışıqlar çərçivəsində Pxenyanın nüvə imkanlarının inkişafının dayandırılması üçün praktiki yolların da müzakirə oluna biləcəyini deyib.
Cənubi Koreya lideri 1953-cü ildə Koreya müharibəsinin başa çatmasından sonra yaradılmış “qeyri-sabit atəşkəs sisteminin” davamlı sülh rejimi ilə əvəzlənməsinə çalışacağını bildirib. Koreya müharibəsi sülh müqaviləsi ilə deyil, atəşkəs sazişi ilə dayandırıldığı üçün iki ölkə texniki baxımdan hələ də müharibə vəziyyətində hesab olunur.
Li Ce Myon həmçinin Koreya yarımadasında sülhün Şimal-Şərqi Asiyada sabitliyin və əməkdaşlığın güclənməsinə, eləcə də nüvə silahlarından azad dünya istiqamətində səylərə töhfə verə biləcəyini qeyd edib.