Səudiyyə Ərəbistanının “Əl-Riyad” qəzeti Azərbaycan səfirinin 20 Yanvarla bağlı məqaləsini yayıb

Səudiyyə Ərəbistanının “Əl-Riyad” qəzeti Azərbaycan səfirinin 20 Yanvarla bağlı məqaləsini yayıb
15:03 20 Yanvar 2015
149 Ölkə
Ölkə mətbuatı
A- A+


Ər-Riyad, 20 yanvar, AzərTAc
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayevin 20 Yanvar faciəsi ilə bağlı “Şəhidlərin qanı ucadır” adlı məqaləsi regionun ən nüfuzlu nəşrlərindən olan “Əl-Riyad” qəzetində dərc edilib.
Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi tarixi cinayətdən bəhs olunur. Bu faciənin bəşəri dəyərlərə qarşı cinayət olduğunu əsaslandıran R.Rzayev yazır ki, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisələri zamanı Azərbaycana xeyli maddi və mənəvi zərər vurulub, xalqın bütün hüquqları pozulub.
Bütün bunların keçmiş sovet imperiyasının sonuncu rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi olduğunu diqqətə çatdıran müəllif Qanlı Yanvar hadisələrində şəhid olanlar və yaralananlar arasında azyaşlı uşaqların, qocaların və qadınların olması, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edilməsi faktları barədə məlumat verib.
Məqalədə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımıza qarşı törədilmiş hərbi cinayətə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində etiraz etməsi, sonrakı illərdə Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi, faciə zamanı həyatlarını qurban vermiş günahsız insanların xatirəsinin əbədiləşdirilməsi, şəhidlərimizin ailə üzvlərinə və hərbi müdaxilə zamanı yaralanan insanlara dövlət qayğısının göstərilməsi məsələlərindən də bəhs olunur.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://www.alriyadh.com/1014349
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
Ər-Riyad

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR