Ağdamın “Qarabağ” klubunun “Tvente”yə məğlub olaraq avrokuboklardan kənarda qalması Azərbaycan futbolunda ciddi müzakirələrə səbəb olub. Nəticədən narazı olan azarkeşlərin bir hissəsi baş məşqçi Qurban Qurbanovun istefasını tələb edir. Sosial şəbəkələrdə bu istiqamətdə çoxsaylı paylaşımların yayılması da emosional reaksiyanın kifayət qədər böyük olduğunu göstərir.
Metbuat.az xatırladır ki, futbol nəticə üzərində qurulan oyundur və belə məğlubiyyətlərdən sonra məşqçinin tənqid olunması təbiidir. Lakin uzun illər ərzində qurulmuş sistemin bütün uğursuzluqlarına görə yalnız baş məşqçini məsul tutmaq nə qədər obyektiv yanaşmadır?
Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ” Azərbaycan futbolunun Avropadakı ən sabit və uğurlu klublarından birinə çevrilib. “Benfika”nın səfərdə, “Kopenhagen”in Bakıda məğlub edilməsi, “Çelsi” ilə heç-heçə və Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparılması təsadüfi nəticələr deyil. Bu uğurlar illər ərzində formalaşdırılmış oyun fəlsəfəsinin, idarəetmə modelinin və kollektivin nəticəsidir.
Məhz buna görə də bir uğursuz oyundan sonra Qurban Qurbanovun 12 ildən artıq müddətdə qurduğu işin dəyərini sıfırlamaq bir qədər tələsik görünür. Baş məşqçinin səhvləri ola bilər və onların müzakirəsi normaldır. Amma tənqidlə yanaşı, həmin səhvlərin hansı şəraitdə yarandığına da baxmaq lazımdır.
Ötən mövsüm əldə olunan uğurlardan sonra komandanın əsas oyunçularından Kamilo Duran və Kevin Medina kimi futbolçuların satılması heyətin balansına təsirsiz ötüşə bilməzdi. Əsas məsələ isə onların yerinin necə və nə vaxt doldurulmasıdır. Yeni transferlərin komandaya uyğunlaşması, oyun sisteminə inteqrasiya olunması və əvvəlki futbolçuların səviyyəsinə çatması üçün müəyyən zaman tələb olunur.
Burada artıq sualların bir hissəsi baş məşqçidən daha çox klubun ümumi transfer siyasətinə yönəlir. “Qarabağ” son illərdə Avropada qazandığı nəticələrlə yanaşı, ciddi maliyyə imkanları da əldə edib. Belə olan halda əsas futbolçuların gedişindən sonra onların yerinə uyğun alternativlərin əvvəlcədən müəyyənləşdirilməsi və heyətin mövsümə daha hazır vəziyyətdə gətirilməsi gözlənilən idi.
Xüsusilə “Tvente” ilə həlledici qarşılaşmadan əvvəl yeni transferlərin açıqlanması müəyyən suallar doğurur. Avropada nəticə qazanmaq istəyən komandanın vacib mərhələlərə hazırlığı son günlərdə edilən transferlərin üzərinə qurulmamalıdır. Yeni futbolçu nə qədər keyfiyyətli olsa da, onun komandanın oyun modelinə uyğunlaşması üçün vaxt lazımdır.
Digər tərəfdən, “Qarabağ”ın son illərdəki uğurlarında Qurban Qurbanovun əsas üstünlüklərindən biri də məhz hazır heyətdən maksimum nəticə almağı bacarması olub. Bu səbəbdən komandanın əvvəlki illərdəki uğurlarını xatırlayarkən məşqçinin rolunu ön plana çıxarmaq, uğursuzluq zamanı isə bütün məsuliyyəti onun üzərinə qoymaq müəyyən ziddiyyət yaradır.
Əlbəttə, “Tvente”yə məğlubiyyət ciddi nəticədir və komandanın oyununda çatışmazlıqların olduğu açıq görünür. Qurban Qurbanov da tənqiddən kənarda deyil. Ancaq futbolun mahiyyəti belədir: bu gün qəhrəman olan məşqçi sabah tənqid oluna bilər. Əsas məsələ isə bir oyunun emosiyası ilə illər ərzində görülən işə qiymət verməməkdir.
Burada daha vacib sual ortaya çıxır: “Qarabağ” niyə əvvəlki mövsümlərlə müqayisədə daha zəif heyətlə vacib mərhələyə daxil oldu?
Əgər klub əsas futbolçularını satırsa, onların yerinə gələn oyunçular gecikirsə və yeni transferlərin komandaya uyğunlaşması üçün kifayət qədər zaman qalmırsa, bu vəziyyətdə məsuliyyətin yalnız baş məşqçinin üzərinə qoyulması doğru olmaz.
Futbolda məğlubiyyət qaçılmazdır. Əsas məsələ məğlubiyyətdən sonra düzgün nəticə çıxarmaqdır. “Qarabağ”ın indi ehtiyacı emosional şəkildə günahkar axtarmaqdan daha çox, heyətin niyə zəiflədiyini, transferlərin niyə gecikdiyini və klubun böyük maliyyə imkanlarının niyə meydandakı gücə tam çevrilmədiyini araşdırmaqdır.
Qurban Qurbanovun səhvləri müzakirə oluna bilər. Amma onu bütün problemlərin əsas səbəbi kimi təqdim etmək üçün daha ciddi arqumentlər lazımdır. Çünki 12 ildən artıq müddətdə “Qarabağ”ı Azərbaycan futbolunun Avropadakı simasına çevirən sistemin başında dayanan məşqçini bir məğlubiyyətlə mühakimə etmək, ən azı, ədalətli yanaşma təsiri bağışlamır.