Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti 100 dolları ötüb.

Metbuat.az xəbər verir ki, İtaliyanın Augusta limanında CIF bazisi üzrə “Azeri Light”ın bir barelinin qiyməti 4,35 dollar artaraq 101,96 dollar olub.

Türkiyənin Ceyhan limanında isə FOB bazisi üzrə “Azeri Light”ın qiyməti 4,47 dollar yüksələrək 99,21 dollara çatıb.

Şimal dənizindən hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti də 4,53 dollar artaraq 98,49 dollar təşkil edib. “Urals” neftinin qiyməti isə 75,48 dollara yüksəlib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar nəzərdə tutulub.

Neft qiymətlərində artım Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlaması və Hörmüz boğazı ətrafında yaranmış vəziyyət fonunda baş verib.