“Kurtlar Vadisi” serialının məşhur “Ömər Baba” obrazını canlandıran aktyor Emin Olcay Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən başladılan istintaq çərçivəsində ifadə vermək üçün Silivri Ədliyyə Sarayına gedib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Silivri Cəzaçəkmə Müəssisəsində 2011-ci ildə həyatını itirən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı araşdırma davam edir. İstintaq çərçivəsində “Kurtlar Vadisi Pusu” serialının bəzi səhnələri və obrazları da araşdırılır.
Məlumata görə, serialda “Kazım Kaşifoğlu” obrazını canlandıran Sedat Savtakdan sonra “Ömər Baba” kimi tanınan Emin Olcayın da məlumat sahibi qismində ifadəsinin alınmasına qərar verilib. Bundan əvvəl serialın ssenari müəllifləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan da ifadə veriblər.
İstintaqda xüsusilə serialın 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümündəki hadisələr diqqət çəkib. Həmin bölümdə “Kazım Kaşifoğlu” obrazı həbsxanada saxlanılır və ölümlə hədələnir. Kaşif Kozinoğlu isə bundan iki gün sonra, 12 noyabr 2011-ci ildə Silivri Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişib. Daha sonra yayımlanan bölümlərdən birində Kaşifoğlu obrazının şprislə öldürülməsi də araşdırılan məqamlar sırasındadır.
Ədliyyə binasına daxil olarkən jurnalistlərin suallarını cavablandıran Emin Olcay hazırda açıqlama verməyəcəyini bildirib. O, əvvəlcə prokurorla görüşəcəyini, ifadəsini verdikdən sonra danışa biləcəyini deyib.