Türkiyənin üç böyük aviaşirkəti - Türk Hava Yolları (THY), AJet və Pegasus İrana uçuşları dayandırıb. THY və AJet-in uçuş cədvəlində 2027-ci ilin martına qədər İran istiqamətində reyslər görünmür. Pegasus isə İrana uçuşları rezervasiya sistemindən çıxarıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, üç aviaşirkət sentyabrın 21-dən etibarən İrana gediş-gəliş reyslərini dayandırıb. Məlumata görə, qərarın ABŞ-ın İranın aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalarla əlaqəli olduğu bildirilir.
THY və AJet-in rəsmi saytlarında 2027-ci ilin martına qədər İrana uçuşların planlaşdırılmadığı qeyd olunur. Pegasus da bu ölkəyə nəzərdə tutulan reysləri rezervasiya sistemindən çıxarıb.
“İran International” telekanalına danışan THY nümayəndəsinin sözlərinə görə, mart ayından sonra uçuşların bərpa olunacağına da zəmanət yoxdur. Bununla belə, aviaşirkətlər reyslərin məhz ABŞ sanksiyalarına görə dayandırılması ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.