Qonşu Türkiyədə hava şəraiti dəyişir. Balkanlar üzərindən gələn soyuq hava dalğasının təsiri ilə ölkənin bir sıra bölgələrində yağışlı və küləkli hava müşahidə olunacaq.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Meteorologiya Baş İdarəsinin yeni proqnozlarına əsasən, bu gün günorta saatlarından etibarən qərb bölgələrində başlayan yağışlar gün ərzində daha geniş əraziyə yayılacaq. Bəzi bölgələrdə yağıntıların göy gurultulu leysan xarakterli olacağı gözlənilir.
Proqnoza görə, saat 12:00-dan 18:00-dək Mərmərə bölgəsinin böyük hissəsində, Şimali Egey və Qərbi Qara dənizdə, eləcə də bəzi ətraf ərazilərdə göy gurultulu leysan yağışları yağacaq. Axşam saatlarında isə yağıntıların ölkənin qərb və şimal-qərb hissələrində davam edəcəyi bildirilir.
Yağışlı hava sabah da davam edəcək. Sentyabrın 23-də Mərmərə bölgəsinin şimal-qərbində yağıntıların daha güclü olacağı, ölkənin böyük hissəsində isə parçalı və çox buludlu hava şəraitinin hökm sürəcəyi gözlənilir.
Meteoroloqlar Balkanlar üzərindən gələn soyuq hava dalğasının həftənin ortalarında təsirini daha da artıracağını və Türkiyənin bir çox bölgəsində temperaturun nəzərəçarpacaq dərəcədə aşağı düşəcəyini bildiriblər.