“McLaren böyük irəliləyiş əldə edib, mütləq şəkildə yenidən güclənib”.
Metbuat.az-ın məlumatına görə, bunu “Ferrari”nin pilotu Şarl Lekler Bakıda keçirilən mətbuat konfransında komandasının son yarışlardakı performansı və rəqibləri barədə danışarkən deyib.
Monakolu pilot bildirib ki, yay fasiləsindən sonra “Ferrari”nin əvvəlki yarışlardakı qədər güclü görünməməsi yalnız tras xüsusiyyətləri ilə əlaqəli deyil:
“Bunun konkret traslarla bağlı olduğunu demək düzgün olmaz. Çünki yay fasiləsindən sonra artıq kifayət qədər yarış keçirmişik. Düşünürəm ki, “McLaren” böyük irəliləyiş əldə edib. “Mercedes” isə həmişə bir növ etalon olub və mövsümün hansı mərhələsində, hansı trasda olmağımızdan asılı olmayaraq, həmişə ön sıralarda yer alır. Amma “McLaren” mütləq şəkildə yenidən güclənib”.
Lekler Bakı trasında qələbə qazanmaq istəyinə də toxunub. O qeyd edib ki, bu il “Ferrari” üçün əsas çətinliklərdən biri sıralanma turundakı performansdır.
“Əgər sıralanma turunda öndə olsaq, yarış üçün ümidliyəm. Amma bundan əvvəl həftəsonuna düzgün hazırlaşmalıyıq. Bu, sürməkdən zövq aldığım trasdır. Əsasən düzlüklərdə performansımız üçün yaxşı olub, amma yarışlar daha çətin keçib. Ümid edirəm ki, bu il bunu düzəldə bilərik”, - deyə “Ferrari” pilotu əlavə edib.