“Komanda olaraq mümkün qədər yaxşı işləməyə və vəziyyəti yaxşılaşdırmağa çalışırıq. Görək nəticə necə olacaq”.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “McLaren” komandasının pilotu Oscar Piastri deyib.

Avstraliyalı pilot bildirib ki, builki bolidin xüsusiyyətləri əvvəlki mövsümlərdə idarə etdiyi avtomobillərdən fərqlənir:

“Bu il avtomobil müəyyən mənada fərqli davranır. Əvvəllər mənim üçün yaxşı işləyən bir çox şey bu mövsüm eyni nəticəni vermir. Buna görə də fərqli həllər tapmağa çalışırıq. Düşünürəm ki, bu istiqamətdə müəyyən irəliləyiş əldə etmişik”.

Piastrinin sözlərinə görə, əsas çətinliklərdən biri hər şəraitə uyğunlaşmaq və avtomobil üçün daim yeni sazlamalar tapmaqdır:

“Bu, bir istiqamət tapıb hər zaman onunla davam etmək qədər sadə deyil. Daim uyğunlaşmalı və müəyyən şeyləri dəyişməlisiniz. Həll yolu da hər dəfə bir qədər fərqli olur. Məhz buna görə düzgün həlli tapmaq çətindir.

Əlimizdən gələni edirik və müəyyən irəliləyiş olduğunu düşünürəm. Amma start düzümündə hələ olmaq istədiyimiz mövqedə deyilik”, – deyə Piastri əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az