Haas komandasının rəhbəri Ayao Komatsu gələcək mövsüm üçün sürücü seçimi ilə bağlı qərarın hələ verilmədiyini bildirib.
Metbuat.az-ın metbuat kofransındakı müxbiri xəbər verir ki, Komatsu qeyd edib ki, komandanın axtardığı sürücüdə əsas xüsusiyyət sürətdir:
“İlk növbədə sürücü sürətli olmalıdır. Sürət istedaddır və biz bunu ona öyrədə bilmərik. Bununla yanaşı, komandaya uyğunlaşan və komanda oyunçusu olan bir sürücü istəyirik”.
O vurğulayıb ki, Haas kimi nisbətən kiçik komandada sürücülərin kollektivə inteqrasiyası və komandanı motivasiya etməsi xüsusi əhəmiyyət daşıyır.
Komatsu yeni sürücü ilə bağlı yekun qərarın yaxın zamanda açıqlanacağını da bildirib:
“Bütün qiymətləndirmələri aparmışıq. Nəticələri yekunlaşdırıb daxildə müzakirə etdikdən sonra son qərarı verəcəyik. Bunun yaxın bir neçə həftə ərzində baş verəcəyini gözləyirik".