Türkiyə A Milli Futbol Komandasının baş məşqçisi Vinçentso Montellanın gələcəyi ilə bağlı gözlənilməz qərar qəbul edilib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi italiyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.
Məlumata görə, TFF rəhbərliyi ilə Montella arasında dünən Riva şəhərində görüş keçirilib. Görüşdən sonra tərəflərin əməkdaşlığa son vermək barədə razılığa gəldiyi bildirilib. İtaliyalı mütəxəssisə təzminat olaraq 5 aylıq maaşının ödəniləcəyi qeyd olunub.
Montellanın rəhbərliyi altında Türkiyə millisi son oyunlardakı uğursuz nəticələrə görə ciddi tənqid olunub. Komanda UEFA Millətlər Liqasının A Liqasındakı ilk üç qarşılaşmada məğlub olub. Xüsusilə Belçikaya 0:3 hesabı ilə uduzduqdan sonra tribunlarda italiyalı baş məşqçinin istefası tələb edilib. Montella isə qarşılaşmadan sonra bu tənqidlərə əhəmiyyət vermədiyini bildirib.
İtaliyalı mütəxəssisin TFF ilə müqaviləsi 2028-ci il Avropa çempionatının sonuna qədər qüvvədədir. Federasiya 2025-ci ilin iyununda Montellanın müqaviləsini uzadıb.
Montellanın mümkün ayrılığının maliyyə tərəfi də diqqət çəkib. Sözcü qəzeti daha əvvəl onun illik maaşının 2,2 milyon avro olduğunu yazıb. Müqavilənin vaxtından əvvəl pozulmasının isə TFF üçün 5 milyon avrodan çox təzminat öhdəliyi yarada biləcəyi bildirilib.
TFF-nin Montella ilə bağlı yekun qərarı yaxın saatlarda rəsmən açıqlaması gözlənilir.