Fikir, söz və məlumat azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından biridir. İnsanların öz düşüncələrini sərbəst ifadə edə bilməsi, müxtəlif mövqeləri dinləməsi və ictimai əhəmiyyət daşıyan məlumatlara çıxış imkanının olması sağlam ictimai mühitin formalaşmasında mühüm rol oynayır. Bu azadlıqlar yalnız fərdin hüququ kimi deyil, həm də cəmiyyətin inkişafını təmin edən mühüm mexanizm kimi qiymətləndirilir. Açıq informasiya mühiti dövlət və cəmiyyət arasında etimadın möhkəmlənməsinə, ictimai problemlərin görünən olmasına və qərarların daha geniş müzakirə edilməsinə də imkan yaradır.
Plüralizm isə fərqli fikir və baxışların bir arada mövcudluğunu, insanların öz mövqelərini sərbəst şəkildə ifadə etməsini və müxtəlif yanaşmaların ictimai müzakirəyə çıxarılmasını nəzərdə tutur. Cəmiyyətdə fikir müxtəlifliyi nə qədər genişdirsə, problemlərin müzakirəsi və onların həlli üçün imkanlar da bir o qədər artır. Eyni məsələyə fərqli mövqelərdən yanaşılması yanlışların üzə çıxarılmasına, yeni ideyaların yaranmasına və ictimai dialoqun inkişafına şərait yaradır. Bu baxımdan media müxtəlif səslərin eşidilməsinə, ictimai maraq doğuran məsələlərin gündəmə gətirilməsinə və cəmiyyətin məlumatlandırılmasına mühüm töhfə verir.
Lakin fikir və söz azadlığı məsuliyyətdən kənarda düşünülə bilməz. Məlumatın yayılması zamanı onun doğruluğunun yoxlanılması, təhqir, böhtan və qəsdən yanlış məlumatın yayılmasından çəkinilməsi mühüm şərtlərdir. Xüsusilə rəqəmsal medianın geniş yayıldığı dövrdə informasiya azadlığı ilə informasiya məsuliyyəti arasında tarazlığın qorunması daha böyük əhəmiyyət daşıyır.
Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Rəşad Məcid Metbuat.az-a açıqlamasında informasiya azadlığı ilə media məsuliyyəti arasındakı əlaqəyə diqqət çəkib. O bildirib ki, sosial şəbəkələr artıq yalnız virtual məkan deyil, cəmiyyətin gündəlik həyatına və hüquqi münasibətlər sisteminə təsir edən mühüm platformalardır. Rəşad Məcidin sözlərinə görə, bu dəyişiklik insanların sosial şəbəkələrdə davranışına məsuliyyətlə yanaşmasını zəruri edir.

Fotoda: Rəşad Məcid
Şura sədri yanlış informasiyanın yayılmasının ictimai etimada təsir etdiyini qeyd edib. Onun fikrincə, informasiya yayıcılığı medianın əsas fəaliyyət istiqamətlərindən biri olduğundan, yanlış məlumatın yayılması məsələsində media və jurnalistlərin üzərinə xüsusi məsuliyyət düşür. “Media orqanları və jurnalistlər bunu duymalı və fəaliyyətləri ilə əsl həqiqətləri ictimaiyyətə çatdırmalıdırlar ki, cəmiyyət yanlış istiqamətə yönəlməsin”, - deyə o vurğulayıb.
Əməkdar jurnalist xüsusilə sosial şəbəkələrdə yayılan məlumatların araşdırılmadan xəbər kimi təqdim edilməsinin yolverilməzliyinə diqqət çəkib. Qeyd edib ki, jurnalist hansısa məlumatı yoxlamadan yayırsa, burada peşəkarlıq problemi ortaya çıxır. Bu yanaşma fikir və söz azadlığının məhdudlaşdırılması deyil, əksinə, həmin azadlıqların sağlam informasiya mühitində reallaşması üçün zəruri olan peşə məsuliyyətidir.
Jurnalistin əsas vəzifələrindən birinin ictimaiyyətə doğru və obyektiv məlumat çatdırmaq olduğunu vurğulayan Rəşad Məcid qeyd edib ki, media cəmiyyətdə qarşıdurmaları dərinləşdirmək əvəzinə, problemlərin mahiyyətini göstərməli və onların həlli üçün ictimai müzakirəyə imkan yaratmalıdır: “Bu peşə cəmiyyətdə konfrontasiyalar yaratmamalı, əksinə, ziddiyyətləri aradan qaldırmalıdır”.
Bu fikirlər göstərir ki, plüralizmin inkişafı yalnız çoxsaylı fikir və informasiya mənbələrinin mövcudluğu ilə ölçülə bilməz. Əsas məsələ fərqli səslərin sərbəst eşidilməsi ilə yanaşı, həmin səslərin cəmiyyətə məsuliyyətli, peşəkar və etibarlı informasiya vasitəsilə çatdırılmasıdır. Bu baxımdan media savadlılığının artırılması da mühüm şərtlərdən biridir. Rəşad Məcidin də vurğuladığı kimi, media savadlılığı cəmiyyətin saxta məlumatlara qarşı müqavimətinin formalaşmasına xidmət edir və maarifləndirmə işlərinin gücləndirilməsi bu istiqamətdə vacib addımlardan biridir.
Fikir, söz və məlumat azadlığının mühüm şərtlərindən biri insanların doğru və etibarlı informasiyaya çıxış imkanının olmasıdır. Xüsusilə rəqəmsal medianın və sosial şəbəkələrin geniş yayıldığı dövrdə bu məsələ daha da aktuallaşıb. Çünki informasiya bolluğu insanların daha çox məlumat əldə etməsinə imkan yaratmaqla yanaşı, onları manipulyativ məzmun qarşısında da həssas vəziyyətə sala bilir.
Rəşad Məcid vurğulayıb ki, söz və fikir azadlığı yalnız hər kəsin öz fikrini sərbəst ifadə etməsi demək deyil. Bu azadlığın mühüm şərtlərindən biri də cəmiyyətin müxtəlif və bir-birindən fərqli fikirlərə çıxış imkanının olmasıdır. Plüralizm məhz bu müxtəlifliyin qorunmasını və insanların fərqli mövqeləri müqayisə edərək öz mövqelərini formalaşdırmasını nəzərdə tutur.
“Azad media mühitində jurnalistin, ekspertin, siyasətçinin, ictimai fəalın və sıravi vətəndaşın fərqli məsələlərə münasibət bildirməsi plüralizmin mühüm göstəricilərindəndir. Lakin fikir müxtəlifliyi ilə manipulyasiya arasında ciddi fərq var. Fərqli fikirlərin sərbəst ifadəsi cəmiyyətin informasiya imkanlarını genişləndirirsə, bilərəkdən təhrif olunmuş və ya kontekstdən çıxarılmış məlumat ictimai müzakirənin keyfiyyətinə zərər vurur. Buna görə də informasiya azadlığı ilə yanaşı, medianın peşəkar məsuliyyəti də mühüm əhəmiyyət daşıyır”, - Mətbuat Şurasının sədri belə deyib.
O əlavə edib ki, plüralizmin inkişafı üçün yalnız müxtəlif fikirlərin mövcudluğu kifayət etmir. Bu fikirlərin ictimaiyyətə doğru, balanslı və mümkün qədər tam informasiya əsasında çatdırılması da vacibdir. Əks halda informasiya bolluğu fikir müxtəlifliyinə deyil, informasiya xaosuna gətirib çıxara bilər. Peşəkar jurnalistikanın əsas vəzifələrindən biri də fərqli mövqeləri cəmiyyətə çatdırmaqla yanaşı, faktla rəyi, məlumatla manipulyasiyanı bir-birindən ayırmaqdır.
Müsahibimizin fikrincə, söz və fikir azadlığının sağlam inkişafı təkcə media qurumlarından deyil, informasiya istehlakçılarından da asılıdır. Media nə qədər peşəkar və məsuliyyətli olursa-olsun, cəmiyyətin media savadlılığı aşağıdırsa, manipulyasiyanın təsir imkanları yüksək olaraq qalır.
Bu səbəbdən media savadlılığının artırılması müasir informasiya cəmiyyətinin əsas tələblərindən biridir. İnsanlar xəbərin yalnız başlığına deyil, mənbəyinə, məzmununa, faktlara və təqdim olunan müxtəlif mövqelərə də diqqət yetirməlidirlər. Yalnız bu halda söz və fikir azadlığı real ictimai dialoqa, fikir müxtəlifliyinə və sağlam plüralizmə çevrilə bilər.
Nəticə etibarilə, azad informasiya mühiti nəzarətsiz informasiya axını, sensasiya və klik yarışından ibarət deyil. Onun əsas dəyəri insanların fərqli fikirlərə çıxış əldə etməsi, məlumatı sərbəst şəkildə müzakirə edə bilməsi və öz mövqeyini müstəqil formalaşdırmasıdır. Bu prosesdə həm medianın peşəkar məsuliyyəti, həm də cəmiyyətin media savadlılığı söz və fikir azadlığının qorunması və plüralizmin inkişafı üçün bir-birini tamamlayan mühüm amillərdir.
Aynur Abdınova / Metbuat.az
Məqalə Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
