Rusiya və İran Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə bağlı növbəti addımı atıb. Tərəflər layihə üzrə mühəndis-axtarış işlərinin aparılması üçün zəruri sənədləri imzalayıblar.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Andrey Nikitin məlumat verib.

Bildirilib ki, sənədlər Tehranda imzalanıb. Rusiyanın “Caspian Services” təşkilatı və İranın CDTIC şirkəti dəmir yolu xəttinin keçəcəyi ərazilərdə torpaq sahələrinə girişin təmin olunması ilə bağlı protokol, həmçinin müqaviləyə əlavə saziş imzalayıblar.

Andrey Nikitinin sözlərinə görə, müvafiq torpaq sahələri artıq təhvil verilib. Bu da layihə üzrə hazırlıq işlərinin davam etdirilməsinə imkan yaradacaq.

Hazırda ərazidə hidrometeoroloji araşdırmalar və topoqrafik çəkiliş aparılır. Rusiya mütəxəssisləri bu il dayaq geodeziya şəbəkəsi qurub və aerofotoçəkiliş işlərini tamamlayıblar.

Qeyd edək ki, Rəşt-Astara dəmir yolu xətti Rusiya ilə İranın dəmir yolu şəbəkələrini birləşdirəcək. Layihə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas hissələrindən biridir. Xəttin tikintisi başa çatdıqdan sonra yüklərin Fars körfəzinə və oradan Cənubi Asiya ölkələrinə daşınması üçün yeni imkan yaranacaq.