Avropada film səhnələrini xatırladan 40 milyon avroluq zinət əşyası oğurluğu ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, Avropa Polis İdarəsi (Europol) 2022-ci ildə Niderlandda keçirilən TEFAF incəsənət sərgisində baş vermiş soyğunla əlaqədar Serbiya vətəndaşı Ninoslava Yoviçi axtarışa verib.

Hadisənin ən diqqətçəkən məqamı cinayətkarların geyim tərzi olub. Dörd nəfərlik dəstə məşhur “Peaky Blinders” serialının personajlarına bənzər klassik kostyumlar və kepkalar geyinərək sərgi salonuna daxil olub.

Soyğunçular cəmi iki dəqiqə ərzində qiymətli zinət əşyalarının saxlanıldığı vitrinləri sındıraraq təxminən 40 milyon avro dəyərində daş-qaş ələ keçiriblər. Onlar hadisə yerindən elektrik skuterləri ilə uzaqlaşıblar. Soyğun zamanı heç kim xəsarət almayıb.