20 Yanvar faciəsi sovet imperiyasını saxlamaq naminə törədilən qanlı cinayətlərdən biridir

20 Yanvar faciəsi sovet imperiyasını saxlamaq naminə törədilən qanlı cinayətlərdən biridir
18:58 20 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+


Əmman, 20 yanvar, AzərTAc
İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirib. Mərasimin keçirildiyi salonda 20 Yanvar faciəsini əks etdirən sərgi təşkil edilib, video materiallar nümayiş olunub. Tədbir iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı materiallar paylanıb.
20 Yanvar faciəsi İordaniya mətbuatında da geniş işıqlandırılıb. “Əl-Dustur”, “ Əl-Diyar” qəzetlərində və “Uruba” xəbərlər agentliyinin saytında “Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyovun 20 Yanvar faciəsi ilə bağlı bəyanatı” adlı məqalə dərc edilib. Məqalədə Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əməli qətiyyətlə pislənilir. Bildirilir ki, bu faciə Sovet İttifaqı rəhbərlərinin imperiyanı saxlamaq naminə öz xalqına qarşı törətdiyi ən qanlı cinayətlərdən biridir. Qanlı Yanvar gecəsi sovet ordusu və zirehli texnikaları Bakı şəhərinə daxil olaraq günahsız insanlara divan tutub, uşaqlara, qadınlara və qocalara fərq qoymadan xeyli sayda insanı qətlə yetirib. Bu qanlı hadisələr zamanı 150-yə yaxın dinc sakin qətlə yetirilib, yüzlərlə insan yaralanıb, itkin düşüb, həbs edilərək fiziki təzyiqə və işgəncələrə məruz qalıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü olan 1990-cı ilin 20 yanvarı tarixə həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi kimi düşüb.
Məqalədə, həmçinin həmin hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet ordusunun bu əməllərini pislədiyi, Azərbaycan xalqına qarşı cinayət hadisəsini törədənlərin cəzalandırılmasını tələb etdiyi vurğulanır.
Yazıda Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı, 1 milyondan çox həmvətənimizin öz doğma torpaqlarından qovulması, işğal faktının beynəlxalq ictimaiyyət tərəfindən tanınması, ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra dünyada qazandığı nüfuz, İordaniya və Azərbaycanın dövlət başçıları arasındakı dostluq münasibətləri, ölkələrimizin ikitərəfli əlaqələrinin inkişafı və s. məsələlər haqqında söhbət açılır. Azərbaycanın dünya ölkələri, o cümlədən ərəb dövlətləri ilə yüksək səviyyəli əməkdaşlığa malik olduğu bildirilir.
Məqalədə Qanlı Yanvar hadisənin Azərbaycanın müstəqillik tarixində mühüm yer tutduğu qeyd edilir. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Ərəb və İslam ölkələri tərəfindən verilən dəstəyin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılır.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_sovet_imperiyasini_saxlamaq_namine_toredilen_qanli_cinayetlerden_biridir-826177

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR