“Akkord” Ağstafa və Tovuz rayonlarında su-kanalizasiya layihələrini tam şəkildə yekunlaşdırıb - FOTOSESSİYA

“Akkord” Ağstafa və Tovuz rayonlarında su-kanalizasiya layihələrini tam şəkildə yekunlaşdırıb - FOTOSESSİYA
17:17 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 17:10 ]

Bakı. Aynur Əliyeva – APA-Economics. “Akkord” Korporasiyası Ağstafa və Tovuz rayonlarında icra etdiyi su-kanalizasiya layihələrinin üçüncü mərhələsini də yekunlaşdırıb.

 

Bu haqda “APA-Economics”ə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.

 

Məlumata görə, bu mərhələ çərçivəsində Agstafa rayonu üzrə çirkab su təmizləmə həcmi 4500 m3/gün, Tovuz rayonu üzrə isə, 7000 m3/gün həcmində olan sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işi başa çatdırılıb.

 

Xatırladaq ki, prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də  imzaladığı sərəncama əsasən,  Azərbaycan regionlarının, o cümlədən Şirvan şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı təsdiq edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Ağstafa və Tovuz şəhərlərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihələrinin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə tapşırılıb və layihə-smeta sənədləri hazırlanaraq həmin ilin noyabr ayında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən işlərin yerinə yetirilməsinə başlanıb. Layihələrin  icrasına 2010-cu ilin dekabr ayında start verilib, hər iki layihənin icrası üç mərhələyə bölünüb.

 

Ağstafa rayonu üzrə ilk iki mərhələdə əvvəlcə magistral boru xətti, su anbarları, xlorvurma təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılıb, subartezian quyularından su anbarlarına müxtəlif diametrli polietilen borulardan ibarət xətt, su anbarlarından şəhər şəbəkəsinə qədər isə uzunluğu 4,27 kilometr olan magistral su xətləri çəkilib. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, nasos stansiyası, suya xlorvurma və laboratoriya binaları tikilib, 1000 kubmetrlik mövcud su anbarı təmir edilib, həcmi 1500 kubmetr olan yeni su anbarı inşa olunub. Hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən su mənbəyi olaraq dəmiryolu boyunca Həsənsu və Vurğun kəndləri zonasında 5 subartezian quyusu qazılıb, şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli su-kanal idarəsi üçün inzibati bina və istehsalat bazası tikilib.

 

Görülən işlər sayəsində Ağstafa şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərinin su təchizatı sistemləri yenidən qurulub, 18 min şəhər və 22 min kənd əhalisinin suya potensial tələbatı təmin edilib. Son mərhələ üzrə görülən işlər sayəsində kanalizasiya şəbəkələri sisteminin potensialı Ağstafa şəhərinin Xətai qəsəbəsi, Qaçaq Kərəm və Yenigün kəndlərini əhatə etməklə çirkab təmizləyicisinə əlavə yaşayış məntəqələrinin də qoşulmasına imkan yaradıb. Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi  öncədən rayon  mərkəzi, Abulbəyli, Bozalqanlı, Aşağı Öysüzlü, Düz Cırdaxan, Cəlilli və Qazqulu kəndlərinin su tələbatının ödənməsini nəzərdə tuturdu. Layihənin tələblərinə əsasən, 16 min  şəhər və 28 min  kənd əhalisinin sutka ərzində su tələbatı, bütövlükdə  tikintinin  başa çatdırılması  ilə   20 min şəhər və 30 min  kənd əhalisinin suya olan tələbatı  tam ödənilməli idi. İşlərin ilk iki mərhələsində burada da magistral boru xətti, su anbarları, xlorlama və digər struktur obyektlərinin tikintisi başa çatdırılıb, subartezian quyularından nasos stansiyasına qədər 1588 metr uzunluqda polietilen borulardan xətt, nasos stansiyasından su anbarları meydançasına qədər magistral su kəməri və su anbarlarından şəhər şəbəkəsinə qədər uzunluğu 3434 metr olan  magistral su xətləri çəkilib. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, suya xlor vurma və laboratoriya binaları, hər birinin həcmi 2500 kubmetr olan yeni su anbarları tikilib. Hidrogeoloji və mühəndis-axtarış işlərinin  nəticəsinə əsasən su mənbəyi olaraq Tovuzçayın məcrası boyunca Qazqulu kəndi zonasında 5 subartezian quyusu  qazılıb,  şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli "Su-kanal" İdarəsi üçün xidməti bina və istehsalat  bazası tikilib.

 

Layihənin  üçüncü mərhələsində çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması ilə kanalizasiya şəbəkələri sisteminin potensialı Tovuz şəhərinin Əlimərdanlı, Abulbəyli və Bozalqanlı kəndlərini əhatə edib, qurğuya əlavə yaşayış məntəqələrinin də qoşulması imkanı yaradılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR