Qəhrəmanları tarixin, özü isə sənətin zirvəsində əbədiləşdi

Qəhrəmanları tarixin, özü isə sənətin zirvəsində əbədiləşdi
20:42 20 Yanvar 2015
339 Sosial
Ölkə mətbuatı
A- A+

Hər dəfə qanlı 20 Yanvar hadisələri barədə söz düşəndə tanınmış aktyor, unudulmaz sənətkar, Azərbaycanın əməkdar artisti Hamlet Xanızadəni də anırıq. 1990-cı ilin o acı, dəhşətli olaylarından üzübəri biz bu işıqlı şəxsiyyəti şəhid sənətkar adlandırırıq, xatirəsini Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizlə yanaşı ehtiramla yad edirik.

Hamlet Xanızadə o qanlı Yanvar gecəsindən cəmi 13 gün sonra dünyasını dəyişdi. 20 Yanvar hadisələri onun sinəsinə sağalmaz bir dağ çəkmişdi. Hər gün şəhidlərin məzarlarını ziyarət edir, dərin düşüncələrə dalır, qəlbində çox ağır bir yük gəzdirirdi. Şəhidlərin hələ 40-ı çıxmamışdı, bütün xalq matəm içində idi. Belə hüznlü günlərin birində teatr və kino ictimaiyyətinin dərdinin üstünə bir dərd də gəldi. Xalq özünün ən sevimli, ən dəyərli sənət xadimlərindən birini - Hamlet Xanızadəni itirdi.

Cəmi 49 yaşı vardı. 1941-ci ildə Bakının Şağan qəsəbəsində anadan olmuşdu. Elə orta təhsilini də həmin qəsəbədəki məktəbdə almışdı. Uşaqlıqdan kinoya, teatra həvəs göstərmişdi. Böyüdükcə aktyorluq istedadı da üzə çıxmışdı. Atası onun bu sənət dalınca getməsinin əleyhinə idi. Sən demə, taleyin hökmü belə imiş: o, mütləq aktyor olub şöhrətlənməli, tanınmalı, bu sənətdə öz dəst-xəttini yaratmalı, imzasını qoymalı imiş.
O zaman hər şey çox sürətlə baş verirdi. Ötən əsrin 50-ci illərinin sonunda istedadlı gənc İncəsənət Universitetinə daxil olur. 1961-ci ildən isə artıq aktyor kimi Akademik Dram Teatrında işə başlayır. Çox keçmir ki, bir-birindən maraqlı rollarda çıxış edir.

Bir çox aktyorların illərlə həsrətində olduğu Akademik Dram Teatrının səhnəsinə gələndə cəmi 21 yaşı vardı. Səhnə dünyası qəlbini sənətə verən bu gənc aktyoru öz doğması kimi qəbul edir. Hamlet Xanızadə çox tez sevilməyə, tanınmağa başlayır. Çünki o, xarakterlər yaradan aktyor idi. Sənətə əsrarəngiz bir dünya kimi baxırdı, ifa etdiyi obrazlarla yaşayırdı. Bu gün aktyorun psixoloji cəhətdən bir-birinə bənzəməyən, böyük məharətlə yaratdığı rollar milli kino və teatr mədəniyyətimizin inciləri sayılır.

Bəzən Hamlet Xanızadəni Azərbaycan aktyorluq məktəbinin, teatr sənətinin Hüseyn Ərəblinskinin “Otello”sundan gələn xəttini davam etdirən istedadlı sənətkar adlandırırlar. Həmin xətt ki, orada Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin, Ələsgər Ələkbərovun ruhu, nəfəsi var. Bu qənaətdə ən maraqlısı ondan ibarətdir ki, Hamlet Xanızadə həmin rolu heç vaxt ifa etməyib və təbii ki, burada söhbət onun daxilindəki “Otello” çılğınlığından gedir. Sənətkar narahatlığından, mənəvi-estetik paklıqdan gedir ki, onun səhnə təcəssümü də bu fikri oyadır. Azərbaycan Dram Teatrında Hamletlə birgə işləyənlər onun hər xırda məsələyə necə ciddi, məsuliyyətlə yanaşdığının şahidi olublar. Hər rola qəlbini bəxş etdirdi.
Hamlet Xanızadənin səhnədə yaratdığı obrazları yada saldıqca, bu müstəvidə dalğavari bir rəngarənglik görünür. Yəni H.Xanızadə “Ölülər” əsərində bir neçə sözü olan xəstəni də oynayırdı, “İblis” tamaşasında İblisin mürəkkəb, psixoloji cəhətdən fərqli, təzadlı obrazını da yaradırdı. Bu, yalnız böyük aktyorlara xas olan xüsusiyyət idi.

Mehdi Məmmədov Hüseyn Cavidin “İblis”ini tamaşaya qoyanda İblis obrazını iki gözəl aktyora - Həsənağa Turabova və Hamlet Xanızadəyə tapşırmışdı. Onların hər ikisi çox istedadlı, böyük yaradıcı potensiala malik insanlar idi. İkisi də rolu uğurlu, amma bir-birindən fərqli yozumda aparırdı. Hamletin oynadığı İblis əfsanələr, miflər, ruhlar aləmindən gəlməmişdi. O İblis həyatın özünün içindən çıxmışdı. Elə bil aktyor göstərmək istəyirdi ki, mən sizin hər birinizin içindəyəm, insanların ürəyində, daxilindəyəm. İblis obrazı bir tərəfdən sanbalı, digər tərəfdən sadəliyi ilə seçilirdi. Həm Hamletin yaradıcılığında, həm də Azərbaycan teatr tarixində o, çox layiqli yerlərdən birini tutan obraz idi.

Unudulmaz sənətkar çox tamaşalarda oynayıb. Səhnədə Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Məlik Dadaşov və başqa korifeylərlə tərəf-müqabil olub. H.Xanızadə “Vaqif”, “Topal Teymur”, “Dəli yığıncağı”, “İblis”, “Ölülər” və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”ndakı Molla Abbası, Səməd Vurğunun “Vaqif”indəki Qacarı, Nəriman Həsənzadənin “Atabəylər”indəki Nizamini, Nazim Hikmətin “Şöhrət və unudulan adam”ındakı doktoru onun ifasında görənlər uzun müddət aktyoru da, rolu da unuda bilmir. Dünya ədəbiyyatı incilərindən F.Şillerin, V.Şeksprin əsərlərində oynamışdı. Tamaşaçı qəlbinə yol tapan Hamleti sevirdilər, alqışlayırdılar, yeni əsərlərdə səbirsizliklə gözləyirdilər. Bir sözlə, onun rollarının sırasına nəzər yetirəndə heyrətlənməyə bilmirsən. Məşqlərdə canını qoyurdu. Hər bir rolu öz qəlbindən, daxili dünyasından keçirirdi, ən əsası oynadığı obrazın məsuliyyətini dərk edirdi. Məşq qurtarandan sonra xeyli vaxt özünə gələ bilmirdi.
Hamlet Xanızadənin teatr uğurları kinorejissorların diqqətini cəlb etməyə bilməzdi. Onun xarici görkəmi, kəskin və mənalı baxışları, daxilindən gələn paklığı, təmizliyi, mənəviyyatını əks etdirən üz cizgiləri kino üçün əsl tapıntı idi. Beləliklə, sevilən aktyorun yaradıcılığında ikinci bir istiqaməti onun kino sənətindəki xidmətləri təşkil edirdi. 80-ə yaxın filmdə irili-xırdalı xarakterlər yaratmışdı: “Bir çənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Burulğan”, “Dağlarda döyüş”, “Dədə Qorqud”, “Doğma sahillər”, “Ən vacib müsahibə”, “Əzablı yollar”, “Haray”, “Qəm pəncərəsi”, “Üzeyir ömrü”, “Od içində” və s.

İlk dəfə onu Həsən Seyidbəyli kəşf etmişdi. 1970-ci ildə “O qızı tapın” filmində kiçik bir rolu ifa edən Hamlet Xanızadə elə həmin il Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmində çəkilir. Burada Gəray bəyin “vuran əli” olan Gizir obrazını yaradır. Gizir tədbirlidir, hər şeyi götür-qoy edəndir, xarakterinə uyğun olaraq kiminlə necə rəftar etməyi bacarandır, xislətindəki qəddarlıq, amansızlıq hamını qorxudur. Öldürmək, işgəncə vermək, pislik, yamanlıq etmək onun üçün adi bir işdir. Aktyor filmdə bu surətin bütün xüsusiyyətini önə çəkir və elə orijinal üslub seçir ki, onu filmin əsas qəhrəmanı səviyyəsinə qaldırır, güclü obraz kimi göstərir.

Rejissorlar çox vaxt onu mənfi rollara çağırırdılar. Bu da təsadüfi deyildi. Çünki obrazın ifası üçün sənətkarın seçdiyi üslub o qədər inandırıcı, həyati, təkrarolunmaz və reallığa yaxın olurdu ki, bunlar istər-istəməz tamaşaçılarda şər əməllərə qarşı nifrət hissi doğururdu. Ən mühümü o, qəhrəmanını hamının gözündə seçilənlərdən edirdi.

İnsan taleyinə biganə qalmayan xarakterləri oynamaq ona çox yaraşırdı. Rejissor Kamil Rüstəmbəyovun “Axırıncı aşırım” filmindəki Talıbov məhz belə qəhrəman idi. Kərbəlayi İsmayılı yola gətirmək üçün Abbasqulu bəylə birlikdə Qarabağlar kəndinə yollanan Talıbov qorxmaz, igid, əqidəsi üçün canını verən bir şəxs idi. Aktyorun Kərbəlayinin qəbulunda o qorxunc anlardakı siması, hərəkətləri, oturuşu, duruşu çox gözəl yaradılıb. Həmin səhnələr kinotənqidçilər tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Hamlet Xanızadə məhz belə dramatik səhnələrin əsl ustası idi. O, roldan rola dəyişə bilən istedadlı aktyor idi.
Hamleti 1972-ci ildə “Var olun, qızlar” filmində çəkən Eldar Quliyev onunla bir də “Babək”in çəkilişində görüşür. Bu tarixi filmdə onun ifa etdiyi Xəlifə Mötəsim rolu hadisələrin ümumi gedişinə təsir göstərən tarixi şəxsiyyətdir.

Xəlifə Mötəsim obrazını yaratmaqla aktyor özünün elə keyfiyyətlərini üzə çıxarır ki, bütün çəkiliş qrupu heyrətə gəlir. Xüsusilə, Xəlifənin Babəklə üz-üzə gəldiyi səhnələrdə. Burada Hamletin hər bir hərəkəti gözlənilməzdir, hər pauzası müəyyən məna kəsb edir. Baxışları sözündən daha kəsərlidir. Bu, Hamlet Xanızadənin kinoda yaratdığı ən uğurlu rollardan biridir. O, ümumiyyətlə, Azərbaycan kinosu salnaməsinin əsl kişi obrazları qalereyasını yaratmışdır desək, yanılmarıq. H.Xanızadənin təbiətində, ümumi mədəniyyətində özünə qarşı bir tənqid, tələbkarlıq, üstünlük təşkil edirdi.

Aktyorun ən baxımlı ekran qəhrəmanlarından biri də “Arxadan vurulan zərbə” filmindəki İmaş obrazıdır. O, həyatın ağrı-acılarını görmüş insandır. Həbsxanaya da düşüb, müxtəlif, ən təhlükəli, riskli hadisələrdə də adı hallanıb, ən kiçik cinayətlərdə belə ondan şübhələniblər. Amma Qəmərlinskinin öldürülməsindən xəbəri yoxdur. Bacısının yola getmədiyi nəsildən olan oğlanı sevməsi də bir tərəfdən əhvalını pozur. Bu ziddiyyətli, mürəkkəb hadisələr fonunda onun xarakteri açılır. Əyninə sırıqlı geyinmiş İmaşın taleyinə tamaşaçı biganə qala bilmir. Cəmiyyət bu insanı başa düşmür. Amma onun daxilində bir təmizlik, özünün əxlaq kodeksi var. Hamlet bunu koloritli bir obraz kimi yaradır, içindəki ziddiyyətləri tamaşaçıya çox gözəl çatdırır.

Əlbəttə, mənfi surət birmənalı mənfi xüsusiyyətlərin daşıyıcısı olmamalıdır. Əgər onun daxilində ziddiyyətlər yoxdursa, onda bu, boş bir qəhrəmandır. Çəkildiyi filmlərin süjet xətti təlatümlü və daha mürəkkəb olduqca, rolları bir-birindən fərqləndikcə Hamlet oynadığı obrazın xarakterini daha gözəl açıb göstərir, baxımlı edirdi. Məsələn, pulun hakim olduğu cəmiyyətin iç üzünü, eybəcərliklərini, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsiri, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı qüsurları açan “Qızıl uçurum” filmindəki Lütfəli bəydə əyninə sırıqlı geyinmiş İmaşdan, yaxud Gizirdən, Xəlifə Möhtəsimdən... əsər-əlamət yoxdur.

Hamletin Yusif Səmədoğlunun eyni adlı romanı əsasında lentə alınmış “Qətl günü”ndə yaratdığı Sədi Əfəndi rolu da çox maraqlıdır. Aktyor zamanın min bir ağrılarını çəkmiş insanın daxili aləmini, iç dünyasını məharətlə yaşayır. Biz onu xəstə vəziyyətdə görür və bu xəstəlikdən sağalmayacağını da bilirik. Sədi Əfəndi ümumiləşdirilmiş yazıçı, filosof obrazıdır. H.Xanızadə bu rolun canlandırılması üçün maraqlı, orijinal detallar tapır, surətin bütün iztirab və yanğıları aktyorun hər hərəkətində, sözündə-söhbətində, hətta üz cizgilərində belə ifadə olunur. “Qətl günü” Hamlet yaradıcılığının finalı olur.

H.Xanızadə elə bir aktyor idi ki, istənilən rolda uğur qazana bilirdi. Bunun da bir çox səbəbləri vardı. Rejissorları yaxşı başa düşür və onlarla dil tapırdı. Səmimiyyəti ilə yanaşı, zəhmətkeşliyi, ciddiliyi, həssaslığı, yüksək məsuliyyət hissi vardı. Bütün bunların özü də elə bir istedad idi.

Bir-birinə bənzəməyən rolların hamısında müvəffəqiyyət qazanmağa nail olmağının digər səbəbi də onların hamısına ürəklə yanaşması və daxili aləminin zənginliyi ilə bağlı idi. Düşünmək olardı ki, tarixi şəxsiyyətlərin obrazını canlandıran aktyor müasir mövzuda yazılmış əsərlərdə eyni uğuru qazana bilməz. Ancaq H.Xanızadə yaradıcılığında belə deyildi. O, Vaqif Mustafayevin “Yaramaz” filmindəki zavod direktoru obrazını yaratmaqla geniş diapazona malik aktyor olduğunu bir daha təsdiqləmişdir. O bu obrazları elə bir şəkildə təqdim edirdi ki, ikinci bir ifaçı haqqında düşünmək belə ağıla gəlmirdi.

Görkəmli sənətkarlar Eldar Quliyev, yazıçı Elçin, Oqtay Mirqasımov, Rasim Balayev, Şəfiqə Məmmədova, Mayis Ağabəyov, Rafis İsmayılov və başqaları Hamletin istedadını, aktyorluq bacarığını yüksək dəyərləndirmiş, onun haqqında ən yaxşı fikirlər söyləmişlər.

Rejissor Rafiq Quliyev deyir:

- Hamlet Xanızadə ilə onun son dəfə çəkildiyi “Qətl günü”ndə birgə işlədim. Filmdə bir səhnə var, Hamlet qəfəsdədir. Dönüb qəfəsdəki Hamleti iri planda çəkən zaman düz kameraya baxdı. Baxışından gördüm ki, Hamlet artıq öz cəlladını gözləyir. Tərkidünya olmuşdu... Filmdə onu ağ geyimdə - kəfəndə görmüşdüm... Onun bu filmin ərsəyə gəlməsində böyük rolu vardı...

1990-cı ilin Qara Yanvarı bu istedadlı, sevimli aktyorumuzu əlimizdən aldı. Hamlet mənəvi yaralardan həyatına vida etdi, dərdlərimizin, ağrılarımızın şəhidinə çevrildi. Onun cənazəsini Şağan qəbiristanlığına aparan yollar al qərənfillərə qərq oldu.
O vaxtdan 25 il keçir. Bu illər ərzində H.Xanızadə nə qədər yeni rol ifa edərdi, teatrımıza, kinomuza nə qədər töhfə verərdi?! O isə ağrı-acıları, qəmi-kədəri, ağır yükü ilə bu dünyadan köçüb getdi. Əfsuslar olsun... Belə ölümü kim gözləyirdi?!

“Azərbaycan” qəzeti


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR