Bakı, 16 iyun, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıdakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, IX sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanıb, XI sinif şagirdləri üçün isə imtahanlar saat 15:00-da başlanacaq.
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Bu imtahanlarda 21 min 171 (Xocavənddə 74, İmişlidə 1239, Füzulidə 715, Beyləqanda 1096, Şirvanda 971, Hacıqabulda 715, Sabirabadda 2141, Biləsuvarda 1330, Neftçalada 854, Salyanda 1505, Saatlıda 1008, Lənkəranda 2121, Astarada 1226, Lerikdə 715, Yardımlıda 824, Cəlilabadda 2420, Masallıda 2217) IX sinif şagirdinin iştirakı nəzərdə tutulur.
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. Həmin imtahanlarda 18 min 113 (Xocavənddə 46, İmişlidə 1256, Füzulidə 711, Beyləqanda 938, Şirvanda 751, Hacıqabulda 695, Sabirabadda 2054, Biləsuvarda 1168, Neftçalada 688, Salyanda 1149, Saatlıda 760, Lənkəranda 1966, Astarada 997, Lerikdə 542, Yardımlıda 830, Cəlilabadda 1858, Masallıda 1704) XI sinif şagirdinin iştirakı gözlənilir.
İmtahanların idarə olunmasına ümumilikdə 219 imtahan rəhbəri, 1798 nəzarətçi-müəllim ayrılıb.
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~KBZgH