Bakı, 16 iyun, AZƏRTAC
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 133-cü teatr mövsümünə türkiyəli yazıçı Dəmət Çizməlinin əsəri əsasında hazırlanmış “Cümhuriyyətin ilk sədası” adlı tamaşa ilə yekun vurulacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, iyunun 30-da nümayiş olunacaq tamaşa qardaş ölkədə 1919-1923-cü illərdə baş verən hadisələrdən bəhs edir.
Tamaşaya gənc rejissor Nicat Mirzəzadə quruluş verib. Səhnə əsərində əsas rolları - Atatürkün obrazını Natiq Həziyev, Qarabəkir paşanı Əhliman Ərşadlı canlandıracaq. Digər rollarda isə əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış edəcəklər.