Bakı, 18 iyun, AZƏRTAC
“ADA” Universitetinin texnologiya və innovasiya üzrə prorektoru Kah Məhəmmədou Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olub. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, qonaq bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb.
K.Məhəmmədou deyib ki, Fizika İnstitutuna gəlişinin məqsədi bu elm müəssisəsində alimlərin tədqiqat işləri aparması üçün yaradılan şəraitlə tanış olmaqdır.
Görüşdə Fizika İnstitutu ilə “ADA” Universiteti arasında tədris və elm sahəsində əlaqələr yaratmaq imkanları da müzakirə edilib.
Daha sonra qonaq innovasiya sektorunda fəaliyyət göstərən müasir avadanlıqla tanış olub. K.Məhəmmədou vurğulayıb ki, Fizika İnstitutu ən müasir cihazlarla təchiz olunub və burada alimlərin elmi tədqiqat işləri aparması üçün yaradılmış şərait təqdirəlayiqdir.