[ 19 İyun 2015 16:56 ]
Bakı-APA. Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Dünya Bankının Sosial İnkişaf üzrə mütəxəssisi Michelle Rebosionu qəbul edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb və Azərbaycan hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilən “Məcburi Köçkünlərin Yaşayış şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi” layihəsinin müzakirəsi zamanı həmin layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib.
M. Rebosion isə hələ 1999-cu ildə təmsil etdiyi beynəlxalq humanitar təşkilatın xətti ilə Ağcabədi rayonu ərazisində məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olduğunu, bu sahə ilə bağlı həyata keçirilən tədbirlərdə yaxından iştirak etdiyini xatırladıb.