Bakı, 19 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun gəlməyən 5 tona yaxın müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev iyunun 19-da Daşkəsəndə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda keçirilmiş konfransda deyib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 200-dən çox istehlakçı iştirak edib. Araz Əliyev Dövlət Xidmətinin istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirləri barədə məlumat verib, bu cür seminar və konfransların istehlakçı fəallığının artırılmasında əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Maarifləndirmə tədbirlərinin davamı olaraq, Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçıların hüquqlarına dair 18 adda 48 mindən çox buklet, 6 adda 2 minədək yaddaş kitabçası hazırlanaraq paylanılıb.
Konfransda Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində qanunvericiliyin tələbləri, eləcə də, Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər barədə geniş məlumat verilib.
Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam edib. Konfransın sonunda istehlakçıların sualları cavablandırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.
