İranın “Mehr News” agentliyi 20 Yanvar faciəsi haqqında məqalə yayıb

13:38 21 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+


Tehran, 21 yanvar, AzərTAc 
İran İslam Respublikasının “Mehr News” informasiya agentliyinin saytında 20 Yanvar faciəsi haqqında məqalə yerləşdirilib.
Məqalədə qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq etmədən Bakıya daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb mərkəzi hökumətin ədalətsiz siyasətinə qarşı etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 147 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı.
Yazıda diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsində müsəlman azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi də həlak oldu. Həlak olanlar arasında 4 polis əməkdaşı, 1 həkim, 4 elmlər doktoru da var idi. Qeydə alınan 700-dən çox yaralıdan 25-i qadın, 20-si uşaq olub.
Bildirilib ki, 1980-ci illərin sonunda Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Sovet İttifaqında gedən proseslər, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma Dağlıq Qarabağ probleminin ortaya atılması idi.
Diqqətə çatdırılıb ki, kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında Bakıya qoşun yeritməyə başladı. Yanvarın 19-da axşam dövlət televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübuta yetirilib ki, həmin partlayış sovet kəşfiyyat orqanları tərəfindən planlaşdırılıb və törədilib. Bakı şəhərində 1990-cı il yanvarın 20-dən fövqəladə vəziyyətin tətbiq olunması haqqında SSRİ Ali Sovetinin 19 yanvar tarixli fərmanı isə yalnız yanvarın 20-də səhər saat 6:00-da zirehli maşınlardan xalqa elan edilmişdi.
Məqalədə deyilir ki, Azərbaycan xalqı hər il 20 Yanvarda öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir, bu faciə ümumxalq hüzn günü kimi qeyd olunur.
Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə 20 Yanvar gününün Azərbaycanın müasir tarixində ölkənin azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilib.
Məqalənin tam mətni ilə fars dilində aşağıdakı linkdən tanış olmaq mümkündür: http://www.mehrnews.com/news/2470314/

Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR