Bu gün "Bakı-2015" I Avropa Oyunlarında atıcılığın 4 növündə yarışları keçiriləcək. Fanat.az xəbər verir ki, qadınlar 25, kişilər 50 metr məsafədən tapança ilə atəş açmaq da qüvvələrini sınayacaq.
Dairəvi stend atıcıları da bu gün mübarizəyə start verəcək. Azərbaycan snayperləri də qitənin ən yaxşıları arasına düşməyə çalışacaq.
Saat 09:00-da kişilərin 50 metrdən tapança ilə atəş açmaqda təsnifat yarışları start götürəcək. Bu mərhələdə ölkəmizi Rəsul Məmmədov təmsil edəcək.
Eyni vaxtda başlayacaq kişilərin dairəvi stend yarışında isə iki təmsilçimiz hədəf önünə keçəcək. Yarımfinala vəsiqə uğrunda Emin Cəfərovla Paşa Əhədpur Xanxan mübarizə aparacaq.
Qadınların stend yarışı 09:35-də start götürəcək. Bu yarışda Azərbaycan atıcısı Nurlana Cəfərova da qüvvəsini sınayacaq.
25 metr məsafədən tapança ilə atəş açan qadınların təsnifat mərhələsinin 2-ci – sürətli atəş hissəsindəki mübarizəsi saat 10:00-da start götürəcək. Sərrast hissəsə 286 xalla 17-ci olan İradə Aşumova yarımfinala vəsiqə üçün mübarizə aparacaq.
Qeyd edək ki, qadınlar dairəvi stend və 25 metrdən tapança ilə atəş açmaqda, kişilər isə 50 metrdən tapança ilə atəş açmaqda mükafatçıları da bugünkü finallarda müəyyənləşdirəcək.

Fanat.az