Tural Abbaslı Müsavat Partiyasında “Gənclər fraksiyası” yaratmağa hazırlaşır

16:37 21 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 16:35 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı və tərəfdarları partiyada “Gənclər fraksiyası”nın yaradılmasına hazırlaşır.

Bu barədə APA-ya Tural Abbaslı özü məlumat verib.

 

T. Abbaslı xatırladıb ki, qurultaydan sonra partiyada yaranan vəziyyətlə əlaqədar fraksiya formalaşdırılması üçün təşəbbüs qrupunun yaradılmasına qərar verilmişdi: “Məqsəd o idi ki, partiyada təkhakimiyyətlilik olmasın, demokratik və diskussiya mühiti yaransın. Qubad İbadoğlunun tərəfdarları ilə bir yerdə bu addımı atmaq niyyətində idik və xeyli iş də görüldü. Təəssüf ki, sonradan Qubad İbadoğlu və tərəfdarları fraksiyadan daha çox hansısa hərəkatın yaradılmasına meylləndilər. Onlar Azərbaycan Demokratiya və Rifah Hərəkatı yaradıblar, indi də onun rayonlarda təşəbbüs qruplarını formalaşdırırlar. Bu, partiyada narazılar arasında qeyri-müəyyənlik mühiti yaratdı. Bu, əslində partiyadan kənarda fəaliyyətdir, biz isə daxildəki mühitin yaxşılaşdırılması və partiyanın güclənməsi nəticəsində güclü bir partiya şəklində hakimiyyətlə mübarizə  aparmağın tərəfdarıyıq. Ona görə də biz bir müddət gözlədik ki, bu qeyri-müəyyənlik aradan qalxsın. Ancaq belə getsə, qeyri-müəyyənliyin aradan qalxması çox vaxt aparacaq və partiya daxilindəki demokratiya tamamilə məhv olacaq, narazılar tamamilə istefa verib gedəcəklər və insanlar passiv vəziyyətə düşəcəklər. Belə bir mühitin yaranmaması üçün yaxın vaxtlarda mən və tərəfdarlarım Qubad İbadoğlunun tərəfdarları olmadan da fraksiya formalaşdırmağa məcbur olacağıq”.

 

T. Abbaslı bildirib ki, böyük ehtimalla fraksiyada əsasən gənclər təmsil olunacaq: “Elə adını da böyük ehtimalla “Gənclər fraksiyası” elan edəcəyik. Yaxın vaxtlarda bu addımı atmaq fikrindəyik. Hələ ki bu məsələ diskussiya mərhələsindədir. Bir məqamı da qeyd edim ki, söhbət burada tək məni dəstəkləmiş gənclərdən getmir. İstənilən partiya üzvü bu fraksiyada təmsil oluna bilər, könüllülük prinsipi əsasdır”.       

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR