Azərbaycan və Latviya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

17:57 21 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 17:50 ]

Bakı – APA. Bakıda Azərbaycan və Latviya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, XİN-də baş tutmuş məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Latviyanı isə bu ölkənin xarici işlər nazirliyinin dövlət katibi Andres Pildeqoviç təmsil edib. 

 

X. Xələfov Azərbaycanla Latviyanın ikitərəfli əsasda, habelə bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

 

Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən X. Xələfov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını, təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının pozulduğunu, Avropa İttifaqında bu məsələyə münasibətdə ikili standartlara yol verildiyini, sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. Nazir müavini Aİ-nın bütün mövcud münaqişələrə münasibətdə vahid yanaşma göstərməsinin zəruriliyini xüsusilə qeyd edib.

 

İki ölkə arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən razılığını ifadə edən A. Pildeqoviç isə hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Latviyanın bir sıra tədbirlər keçirməyi planlaşdırdığını və Azərbaycanın sözügedən tədbirlərdə iştirakından məmnun olacaqlarını diqqətə çatdırıb. Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan latviyalı diplomat 2015-ci ildə bir sıra səfərlərin planlaşdırıldığını bildirib. A. Pildeqoviç həmçinin dövlətlərin ərazi bötüvlüyü və suverenliyinin Latviya üçün fundamental prinsip olduğunu vurğulayıb.

 

Görüş zamanı qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369859

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR