Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

18:43 21 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Yanvarın 21-də Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Latviyanı isə Xarici İşlər Nazirliyinin dövlət katibi Andres Pildeqoviç təmsil edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Xələf Xələfov Azərbaycan ilə Latviya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edib. O, ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.
Azərbaycan-Latviya münasibətlərinin inkişaf səviyyəsindən razılığını ifadə edən A.Pildeqoviç hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Latviyanın bir sıra tədbirlər keçirməyi planlaşdırdığını və Azərbaycanın həmin tədbirlərdə iştirakından məmnun olacaqlarını söyləyib. Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan A. Pildeqoviç cari ildə bir sıra səfərlərin planlaşdırıldığını diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən X. Xələfov Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını, təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının pozulduğunu, Avropa İttifaqında bu məsələyə münasibətdə ikili standartlara yol verildiyini, sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. O, Avropa İttifaqının bütün mövcud münaqişələrə münasibətdə vahid yanaşma göstərməsinin zəruriliyini qeyd edib.
A.Pildeqoviç dövlətlərin ərazi bütövlüyü və suverenliyinin Latviya üçün fundamental prinsip olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Latviya_Xarici_Isler_nazirlikleri_arasinda_siyasi_meslehetlesmelerin_novbeti_merhelesi_kechirilib-826468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR