Xalq artisti: "Mənim aktrisalarım yoxdur"

Xalq artisti: "Mənim aktrisalarım yoxdur"
00:27 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tanınmış teatr rejissoru, xalq artisti Mərahim Fərzəlibəyovun Milli.Az-a müsahibəsi.

- Mərahim müəllim, yaradıcılığınızda hansı yeniliklər var?

- İlyas Əfəndiyevin 100 illiyi münasibətilə “Mənim günahım” adlı tamaşa hazırlayırıq, məşq prosesi gedir. Bu əsər 1967-ci ildə, “Sən həmişə mənimləsən”dən sonra yazılıb və çox aktual məsələlərə toxunulub. 1967-ci ildə əsərin adı “Məni yaradanlar” olub. Həmin tamaşa bir müddət Akademik Milli Dram Teatrında böyük rejissor Əşrəf Quliyevin quruluşunda gedib. Son 6-7 ildə “Mənim günahım”a müraciət olunmamışdı. Mən İlyas Əfəndiyevin doqquz əsərini səhnələşdirmişdim və bu çətin əsərə də müraciət etdim. İnşallah, fevralın axırında tamaşa hazır olacaq.

- Bu tamaşada kimlər oynayacaqlar?

- Məleykə Əsədova, Elşən Rüstəmov, Əjdər Həmidov, Hacı İsmayılov kimi İlyas Əfəndiyev dramaturgiyasını bilən, böyük məhəbbətlə yanaşan aktyorlar, aktrisalar bu tamaşada oynayırlar.

- Hazırda bir sıra teatrlarda baş rejissor ştatı var. Siz də uzun müddət “Azdrama”nın baş rejissoru olmusunuz. Sizcə, teatra baş rejissor lazımdırmı?

- Mən o məsələlərdən kənaram. Bircə onu deyə bilərəm ki, Sumqayıt Teatrında “Antiqona” əsərini hazırlayıram və bir neçə həftəyə təhvil veriləcək. Həmçinin eyni teatrda Arif Mədətovun “Xanışın toyu” qəmli komediyası üzərində işləyirəm. Ona görə çalışıram ki, ancaq gücümü bu tamaşalara həsr edim.

- İstərdim ki, əvvəlki sualıma “Azdrama”nın keçmiş baş rejissoru kimi yox, yaradıcı insan kimi cavab verəsiniz.

- Bilirsiniz, bu, bir islahatdır. Belə bir islahat aparıldı ki, bütün teatrlardan rejissorlar dəvət olunsunlar. Halbuki uzun illər belə şey olmamışdı. İsrafil İsrafilov direktor təyin olunandan sonra ümid verən rejissorları dəvət edib, tamaşalar verir. Onlara böyük, geniş səhnə verilib və indi özlərini göstərməlidirlər.

- İsrafil İsrafilov direktor təyin olunmazdan öncə quruluş verdiyiniz tamaşalardan repertuardan çıxarılanları olub?

- O gələndən sonra repertuarda yeniləşmə getdi.

- Aparılan islahatlar ümumi işə xeyir verə biləcəkmi, yoxsa heç nə dəyişməyəcək?

- Bunun bir xeyri oldu. “Azdrama”ya can atan, tamaşa qoymaq istəyən bütün rejissorlara şərait yaradıldı. Məsələn, Tofiq Kazımovun vaxtında çox nadir hallarda kənardan rejissor dəvət olunub. Elə mənim baş rejissor olduğum illərdə də belə idi. İslahatı bunda görürəm ki, gənc və orta nəsil rejissorlara ölkənin ana teatrında şərait yaradıldı.

- Siz neçə il baş rejissor oldunuz?

- Beş il.

- Belə fikirlər var idi ki, sizin də öz aktyor və aktrisalarınız olub və əksər rolları onlara həvalə edirmişsiniz.

- Mənim aktrisalarım yoxdur, sevimli aktyorlarım var. Hər bir rejissorun seçmə aktyorları var. Sevimli aktyorlar deyərkən həmfikirlər nəzərdə tutulur. Dünya teatrında da belədir. Hər rejissor istəyir ki, onu başa düşən aktyorlarla işləsin. Əlbəttə, mən də istisna deyiləm.

- Niyə dediniz ki, sevimli aktrisalarınız yoxdur?

- Yəni, təkcə aktrisalardan söhbət getmir, sevimli aktyorlarım da var.

- “Azdrama”ya dəvət olunan gənclər özlərini istənilən səviyyədə doğrulda bildilərmi?

- Hərə bu məsələyə bir cür baxır. Sizin xoşunuza gəlməyən şey kiminsə xoşuna gələ bilər, yaxud da əksinə. Amma fakt budur ki, bunlara meydan yarandı.

- Amma bəziləri bu meydanın verilməyini yanlış addım hesab edirlər.

- Bəli, yanlış addım oldu. Çoxu milli teatr səviyyəsində tamaşa qoya bilmədi. Uzun illərdən bəri heç vaxt milli teatra bu qədər rejissor axını olmamışdı.

- Bəs bunun müsbət tərəfi nə olacaq?

- Sınaq prosesindən sonra məktəbi olan rejissorlar üzə çıxacaq. Oruc Qurbanov, Azərpaşa Nemətov, Bəhram Osmanov kimi rejissorların yükü bir qədər də artır. Görünəcək ki, məktəbi olan rejissorlar teatr üçün daha lazımlıdırlar.

- Dolayısı ilə belə çıxır ki, bu şəraitin yaradılmağı adını çəkdiyiniz rejissorların daha qiymətli və peşəkar olduğunu ortaya qoydu.

- Bəli. Rejissorluq elə sənətdir ki, burada yaş rol oynamır. Yaş artdıqca daha fəlsəfi, maraqlı əsərlər qoya bilirsən. Yuri Lyubimov 96 yaşında Bolşoy Teatrda tamaşa hazırlaya-hazırlaya dünyasını dəyişib. Yəni rejissor nə qədər yaşa dolursa, onun teatrda işləməyi bir o qədər zəruridir.

- Sizcə, 35-40 yaşlı rejissor akademik səviyyədə tamaşa qoymağa qadirdir?

- Mən 1977-ci ildə təyinatla Qroznı şəhərinə göndərildim və sonradan Sumqayıta gəldim. Sumqayıt poladəridənlər şəhəri olduğuna görə burada “Poladəridənlər” əsərini səhnələşdirdim. Beş ildən sonra məni sıravi rejissor kimi milli teatra dəvət etdilər. Amma bilmirdim ki, yaxşı hazırlayıram, yoxsa pis. Sənətimi aktyorlarla bərabər tamaşaçıya nümayiş etdirmişəm. Amma xahiş edirəm, artıq-əskik heç nə yazmayasınız. Son 5-6 ayda yeganə jurnalistsiniz ki, sizə inanıb, müsahibə verdim.

- Fikirləriniz olduğu kimi yazılacaq.

- İsrafil İsrafilovun yenilikləri islahatdır və xeyri onda oldu ki, bu rejissorlar gəldilər. Sabah o rejissorlar deyə bilməzlər ki, biz beləyik, eləyik. Bu, çox önəmli məsələdir. Yəni bir daha Azərpaşa Nemətov, Oruc Qurbanov, Bəhram Osmanov və əgər qəbul edirsinizsə, mənim üzərimə daha çox iş düşəcək.

- Təcrübə göstərir ki, hazırda peşəkar hesab olunacaq 5-6 rejissorumuz var. Bəs sonra necə olacaq?

- Bu islahatın yaxşı cəhəti odur ki, həm teatr rəhbərliyi, həm Mədəniyyət və Turizm Nazirliyi yeni rejissorları ortaya çıxara biləcəklər. Fikrimcə, bu axtarışlar davam etməlidir. Məncə, Azərbaycanın milli rejissor məktəbi olduğuna görə gələcəyə nikbin baxmaq olar. Yeni cavan rejissor nəsli yetişəcək.

- Perspektivli hesab etdiyiniz gənc rejissorlardan kimlərin adını çəkə bilərsiniz?

- Onlar çoxdur, ad çəkmək istəmirəm. Bilirəm ki, müəyyən özünü göstərməyə çalışan cavanlar var. Mən onların gələcəyinə nikbin baxıram. Bu proses davam etsə, yaxşı olacaq.

- Mərahim müəllim, xaricdən dəvət olunan rejissorlara bir tamaşa üçün 20-30 min civarında qonorar verildiyi bildirilir. Bu, doğrudurmu?

- Onlar mühasibatlıq işləridir, mən o barədə heç nə deyə bilmərəm. Bizim qonorarımız nə qədər çox olsa, o qədər yaxşıdır. Onları dəvət olunduqları üçün, qonaq kimi daha yaxşı yola salırlar.

- Aldığınız qonorar sizi qane edir?

- Çox istərdim ki, bizim qonorarımız 2 min yox, 5-7 min olsun. Ən azı, bir tamaşa üçün 5 min almağımızı istərdim.

Elçin Tağıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/320073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR