Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə BPKİYİ-nin rektoru, professor Asəf Zamanov Silahlı Qüvvələrin müstəqil dövlətimizin qurulmasında, inkişafında və möhkəmləndirilməsində misilsiz xidmətlərindən söz açıb. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm işlər görülüb. 1918-ci il iyunun 26-da Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycanın milli ordusunun yaranması haqqında qərar qəbul edib. Hərbi Nazirlik təsis olunub və Xosrov bəy Sultanov Azərbaycanın ilk hərbi naziri təyin edilib. Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, Əliağa Şıxlinski, İbrahim ağa Usubov, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi generalları ilə xalqımız həmişə fəxr edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Silahlı Qüvvələrinin müasir dünya təcrübəsi ilə ayaqlaşa bilmək bacarığına malik güclü və yenilməz bir orduya çevrilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi siyasi gücə, iradi qüvvəyə, yüksək sərkərdəlik məharətinə və insani keyfiyyətlərə malik bu böyük şəxsiyyətin respublikada hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi səciyyələnir. Bu mənada müdrik rəhbər Heydər Əliyev milli ordunun və hərbi məktəblərin daha müasir səviyyədə yaradılması istiqamətlərini dəqiq müəyyənləşdirib, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişinin ilk günündən nizami ordu yaradılmasını ön plana çəkib. Ulu Öndər ölkənin müdafiə gücünün əsas istiqaməti kimi bu işin uğurla həyata keçirilməsi üçün hər cür şərait yaradıb.
Rektor qeyd edib ki, bu siyasətin mahiyyətini yaxşı bilən ümummilli lider Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər ali hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail olub. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli qərarına əsasən iyunun 26-sı Silahlı Qüvvələr Günü elan olunub və hər il xalqımız həmin günü təntənə ilə bayram edir.
Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb və bu proses uğurla davam etdirilir. Xalqımız Ramil Səfərov, Mübariz İbrahimov, Fərid Əhmədov, Əhməd Abdullayev kimi oğullarımızın xidmət etdikləri Azərbaycan ordusu ilə fəxr edir.
Tədbirdə Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Növrəstə Yusifova keçdiyi döyüş yolu ilə bağlı xatirələrini bölüşüb, gənclərə tövsiyələrini verib.