Tbilisi, 25 iyun, AZƏRTAC
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə iyunun 25-də Marneulidə tanınmış şair və jurnalist Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı keçirilib.
“Region press” qəzetinin redaktoru Binnət Məmmədov tədbirdə çıxış edərək N.Məmmədzadənin yaradıcılığından söz açıb, onun bu günə qədər işıq üzü görən 8 kitabında Vətənə, xalqa bağlılıq, milli mənəvi dəyərlərimizin təbliği, eyni zamanda, qədim tariximizin öyrənilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Sonra kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru Mahmud Hacıxəlilov, AMM-in sədri Fazil Həsənov, Tbilisi televiziyasının tədqiqatçı jurnalisti Mirzə Məmmədoğlu və başqaları çıxış edərək əsərlə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, “Çələbilər” poeması Borçalı tarixinin bir qolunu təşkil edir. Poemada Borçalıda yaşayan və 500 ilədək tarixi olan “Çələbilər” qəbiristanlığının tarixinin araşdırılmasının vacibliyi vurğulanır.
Qeyd olunub ki, Borçalı elində 50-dən çox Azərbaycan kəndinin adı artıq toponimlərdən çıxarılıb. Qədim Çələbilərdən bəhs edən bu poema həm qədim Azərbaycan kənd adlarının qorunmasında və gənc nəslə çatdırılmasında, həm də tarixi faktların dərindən öyrənilməsində mühüm rol oynayacaq.
Sonra Rustavi şəhərinin 18 nömrəli Azərbaycan orta məktəbinin şagirdləri şair-jurnalistin şeirlərindən parçalar söyləyiblər. Aşıqlar müxtəlif mahnılar ifa ediblər.
Qeyd edək ki, N.Məmmədzadə həm də APA-nın Gürcüstan üzrə xüsusi müxbiridir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Şair-jurnalist Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı keçirilib
Şair-jurnalist Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı keçirilib
Şair-jurnalist Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı keçirilib