Bakı, 27 iyun, Samirə Allahverdiyeva, Abbasəli Yadigarov, AZƏRTAC
Azərbaycan boksçuları iyunun 27-də birinci Avropa Oyunlarında özlərinin 4-cü, milli komandamızın 19-cu qızıl medalını qazanıblar.
AZƏRTAC xəbər verir ki, boks yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Albert Səlimov gərgin keçən final qarşılaşmasında fransalı Sofian Umianı məğlub edərək qızıl medal qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da final qarşılaşmasına baxıblar.
Bu çəki dərəcəsində bürünc medallar polşalı Mateuş Polski və irlandiyalı Sin Makkomba qismət olub.