Sumqayıt, 29 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkə sənayesinin inkişafı məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Onlardan biri də sənaye parklarının yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsidir. Qeyri-neft sektorunun inkişafı sahəsində işlərin sürətləndirilməsi nəticəsində 2009-cu ildə Sumqayıt Texnologiyalar Parkı ( STP) sənaye-istehsalat kompleksi yaradılıb.
STP-nin icraçı direktoru Sahib Musayev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirdi ki, bu innovativ müəssisənin məhz Sumqayıt şəhərində yaradılması təsadüfi deyil. Belə ki, Sumqayıt hələ sovet hakimiyyəti dövründə ölkənin sənaye mərkəzlərindən sayılırdı. Bu şəhər həm sənaye infrastrukturu, həm də ixtisaslaşmış insan resurslarının kifayət qədər olması ilə fərqlənirdi. Sumqayıt Texnologiyalar Parkının yaradılması bir növ şəhərin keçmiş sənaye mərkəzi statusunu özünə qaytarmaq yolunda əsas oldu.
Sumqayıt Texnologiyalar Parkının birinci mərhələsi Prezident İlham Əliyev tərəfindən 2009-cu il dekabrın 24-də açılıb. O vaxtdan bəri müəssisə daha da inkişaf edib, genişlənib, yeni istehsal kompleksləri yaradılıb. Ümumi sahəsi 250 hektar olan texnoparkın tərkibində əsasən ölkənin enerji sektoru və eləcə də digər iqtisadi sahələrdə ixracı azaltmağa yönəlmiş məhsullar istehsal edən müəssisələr fəaliyyət göstərir.
S.Musayev qeyd etdi ki, hazırda texnopark ərazisində kabel, polimer məmulatlar, ağır maşınqayırma və maşınqayırma, metaləritmə, qaynar sinkləmə, texniki qazlar, press, sendviç panel, dəqiq mexanika, elektrik avadanlıqları, alüminium və mis profilləri istehsalı zavodları kimi iri müəssisələr var. Burada 2700-dən çox işçi çalışır.
Bütün yeni müəssisələr yüksək və ən son texnologiyalara əsaslanan avadanlıqlar əsasında qurulub. İstehsal zamanı istifadə olunan qurğu və avadanlıqlar aparıcı dünya istehsalçılarının məhsullarıdır. Yalnız qurğu və avadanlıqlar deyil, istehsalda istifadə edilən xam mal da qabaqcıl dünya firmaları tərəfindən təmin edilir. Bu səbəbdən də istehsal olunan hazır məhsulların keyfiyyəti olduqca yüksəkdir. Hazırda müəssisədə elektrik və kommunikasiya kabelləri, müxtəlif təyinatlı polimer boru və hissələri, digər təyinatlı polimer məhsullar, bir neçə növdə texniki qazlar, sendviç panellər, alüminium kompozit lövhələr, havalandırma boruları və hissələri, yük avtomobilləri üçün qoşqu və yarımqoşqular, müxtəlif təyinatlı metal konstruksiyalar, elektrik avadanlıqları, günəş kollektorları və digər məhsullar istehsal edilir. Bütün istehsal sahələri akkreditasiya olunmuş laboratoriyalarla təchiz edilib və məhsullar uyğunluq sertifikatları ilə təsdiqlənib. Bundan əlavə, müəssisədə İSO 9001 və OHSAS 18001 beynəlxalq idarəetmə standartları tətbiq olunur.
İcraçı direktor bildirdi ki, Sumqayıt Texnologiyalar Parkı əlavə olaraq respublikamızda reallaşdırılan digər layihələrdə - elektrik stansiyalarının, sosial obyektlərin tikinti-quraşdırma işlərinin aparılmasında da yaxından iştirak edir. Texnopark Bayraq Meydanı, “Baku Crystal Hall”, Bakı Olimpiya Stadionu və İsmayıllı velosiped zavodunun metal konstruksiyalarının hazırlanmasını və quraşdırılmasını həyata keçirib.
Bu gün Sumqayıt Texnologiyalar Parkı ölkəmizin iqtisadi gücünün daha da artırılması və iqtisadiyyatımızın dinamik inkişafı üçün öz töhfələrini verməkdədir. Müəssisə yalnız ölkənin daxili tələbatını ödəməklə kifayətlənməyərək, beynəlxalq bazarlara da yüksək keyfiyyətli sənaye məhsulları çıxarmaq yolunda inamla irəliləyir.
Sumqayıt Texnologiyalar Parkı ölkə iqtisadiyyatının dinamik inkişafı üçün öz töhfələrini verməkdədir
Sumqayıt Texnologiyalar Parkı ölkə iqtisadiyyatının dinamik inkişafı üçün öz töhfələrini verməkdədir
Sumqayıt Texnologiyalar Parkı ölkə iqtisadiyyatının dinamik inkişafı üçün öz töhfələrini verməkdədir