Bakı, 1 iyul, AZƏRTAC
Yunanıstan Beynəlxalq Valyuta Fonduna (BVF) 1,5 milyard avro həcmində olan borcunu vaxtında ödəməyib. Bu barədə fondun rəsmi nümayəndəsi Cerri Rays məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Cerri Rays iyunun 30-da Yunanıstan hökumətinin ödənişi təxirə salması üçün fonda xahişlə müraciət etdiyini deyib. O, həmçinin qeyd edib ki, direktorlar şurası Afinanın bu müraciətinə "qəbul olunmuş qayda üzrə" baxacaq.
Bir qədər əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristin Laqard Afinanın borcunu vaxtında ödəməyəcəyi təqdirdə Yunanıstanın təşkilatın kreditləri üzrə iflasa uğrayacağını bildirmişdi.
Afina iyunun 30-u iş gününün sonunadək Beynəlxalq Valyuta Fonduna güzəştli dərəcələrlə faiz ödəməli idi. Yunanıstan borcunu ödəməyərək BVF qarşısında öhdəlikləri üzrə iflasa yol verən ilk inkişaf etmiş ölkə olub.
Ötən həftə Rays jurnalistlər üçün keçirilən brifinqdə fondun Yunanıstana münasibətdə sərt tədbirlər görmək niyyətində olduğunu və hər hansı güzəştə getməyəcəyini vurğulamışdı.
Hazırda isə ölkədə kəskin maliyyə böhranı yaşanır. Banklar bağlanıb, bankomatlar qarşısında növbələr yaranıb. Hesablardan nağd pul çıxarılmasına məhdudiyyətlər qoyulub.