Bakı, 2 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti gələn həftə Neftçala, Salyan, Hacıqabul, Sabirabad rayonlarında və Şirvan şəhərində təşkil olunacaq.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, iyulun 8-də saat 9.00-dan 12.00-dək Neftçalada, saat 13.00-dan 18.00-dək Salyanda və iyulun 9-da saat 9.00-dan 13.00-dək Hacıqabulda yerləşən əhalinin sosial müdafiəsi mərkəzlərinin inzibati binalarında, saat 14.00-dan 18.00-dək Şirvan şəhərindəki Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidməti ilə təmin olunacaqlar. İyulun 10-da isə saat 9.00-dan 16.00-dək Sabirabad Rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında bu təbəqədən olan şəxslərə protez-ortopedik bərpa xidməti göstəriləcək.
Həmin şəxslər ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri (yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s.) ilə təmin ediləcəklər.