Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Azərbaycan polisinin yaranmasının 97-ci ildönümü münasibətilə Nərimanov Rayon Polis İdarəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak ediblər.
Rayon polis idarəsinin rəisi İsmayıl Əsədov Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə bundan sonra da sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiqliyini vurğulayıb və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb. O, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb. A.Fərzəliyev ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusi qeyd edib.
Tədbirin sonunda Nərimanov Rayon Polis İdarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına rayon icra hakimiyyətinin fəxri fərman və qiymətli hədiyyələri təqdim olunub.
Azərbaycan polisi ölkəmizin müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə bundan sonra da sədaqətlə xidmət edəcək