Bakı, 6 iyul, K.Əliyeva, Ş.Hüseynzadə, AZƏRTAC
İyulun 6-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) maliyyə dəstəyi və təşkilatçılığı ilə "Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havayadək" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev fondun fəaliyyətindən, həyata keçirdiyi tədbirlərdən danışıb. Ölkəmizdə bütün sahələrdə, o cümlədən elmin inkişafı istiqamətində mühüm nailiyyətlərin qazanıldığını qeyd edən E.Babayev bildirib ki, məqsədimiz Azərbaycanın regionun ən böyük elm mərkəzinə çevrilməsinə nail olmaqdır.
EİF-in beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirən icraçı direktor vurğulayıb ki, son onilliklərdə Azərbaycanda Günəş fizikası üzrə ilk dəfə keçirilən bu mühüm tədbirdə Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan tanınmış alimlərin Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal-məruzələri dinləniləcək. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də tədqiqatlarının nəticələrini təqdim edəcəklər.
İki gün Bakıda keçiriləcək konfransın bir sessiyası Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunacaq. Dünyanın tanınmış alim və mütəxəssislərinin iştirak etdikləri tədbirdə elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə ediləcək.
Tədbirdə Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və başqaları son illər ölkəmizdə və dünyada Günəş fizikası üzrə aparılan tədqiqatlardan danışıb, bu sahədəki yeniliklərlə bağlı fikir mübadiləsi aparılmasında konfransın əhəmiyyətini qeyd ediblər.
Azərbaycan elminin inkişafında və dünyada təbliğində EİF-in rolunu yüksək dəyərləndirən natiqlər konfransın bu istiqamətdə atılan növbəti addım olduğunu vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.
Sonra konfransın işi sessiyalarla davam edib.
Beynəlxalq konfrans iyulun 8-də başa çatacaq.