Bakı, 8 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyi bu ilin birinci yarısında özəl tibb müəssisələrində apardığı yoxlamaların nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub. Nəticədə altı özəl tibb müəssisəsinin ("VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC, "Faiq-96" müəssisəsi, "Nihat Klinikası" MMC) fəaliyyəti müəyyən tarixədək dayandırılıb.
Üç özəl tibb müəssisəsinə ("Zaman Tibb Mərkəzi" MMC, "Assimed" MMC, "Medservis" Özəl Tibb Mərkəzi) verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinika xidməti saxlanılıb.
Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisəsi və tibbi xidmət göstərən fiziki şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.