[ 10 İyul 2015 12:40 ]
Bakı. Fərid Mirzəyev – APA. “Bələdiyyə və media: mövcud durum və inkişaf istiqamətləri” mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, “Bələdiyyə həyatı” qəzetinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan mətbuatının 140 illiyinə həsr olunub.
“Bələdiyyə həyatı” qəzetinin baş redaktoru Vüqar Tofiqli çıxışında bildirib ki, rəhbərlik etdiyi qəzetdə bələdiyyə sahəsi ilə bağlı çoxsaylı materiallar çap olunur: “Bizim qəzetin elektron variantı var. Belediyye.info saytında qəzetin hər nömrəsi PDF formatında yerləşdirilir. “Bələdiyyə həyatı” qəzeti bələdiyyələrin fəaliyyətini stimullaşdımaq üçün bir vasitədir”.
Milli Məclisin üzvü Arif Rəhimzadə bələdiyyə institutunun Azərbaycanda ən vacib dövlət orqanlarından biri olduğunu söyləyib: “Fürsətdən istifadə edib mətbuat işçilərini təbrik edirəm, onlara uğurlar arzulayıram. Media bizim həyatımızda böyük yer tutur. Azərbaycan mətbuatı hazırda özünün ən yüksək dövrünü yaşayır. Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda söz və media azadlığının olmadığını bəyan etsələr də, bu belə deyil. Mən bələdiyyə mövzusuna da toxunmaq istəyirəm. Bilən də, bilməyən də bələdiyyələri tənqid edir. Hazırda bir çox hallarda insanlar bələdiyyələrlə partnyorluğa hazır deyil. Biz iş görməkdən çox, şikayətlənirik. Bələdiyyələrin yaxşı fəaliyyət göstərməsi üçün insanlar fəal olmalıdırlar”.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi Mehdi Səlimzadə isə çıxışında qeyd edib ki, Azərbaycan mediası öz üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəlib.
M. Səlimzadə deyib ki, “Bələdiyyə həyatı” qəzeti bələdiyyələr haqda əsassız yazılar yazan “reket” mətbuatına qarşı da adekvat hərəkət etməlidir: “Çox təəssüf ki, Azərbaycanda bu cür fəaliyyət göstərən qəzetlər var. Mətbuat Şurası onların siyahısını hazırlayır. Guya onlar bələdiyyə işi ilə bağlı maarifləndirmə aparırlar. Təbii ki, onların niyyətləri əyridir. “Bələdiyyə həyatı” qəzeti buna imkan verməməlidir. Qəzetdə Azərbaycanda bələdiyyələrin gördükləri işlər təbliğ edilməlidir”.